Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevlə tanışlıq məqsədli görüş keçirib.
Gürcüstan Prezidentinin Administrasiyasının məlumatına görə, tərəflər ölkələr arasında mövcud sıx dostluq münasibətlərini müsbət qiymətləndiriblər və Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığının əsas istiqamətlərini müzakirə ediblər.
“Görüşdə bölgənin sabit və dinc inkişafının vacibliyi vurğulanıb. Mixeil Ğavelaşvili bildirib ki, dünyada davam edən münaqişələr, tarif müharibələri və geosiyasi gərginlik fonunda regionda sabitliyin və sülhün qorunması daha da böyük əhəmiyyət kəsb edir. Tərəflər Gürcüstan və Azərbaycan arasında mövcud nümunəvi strateji əməkdaşlığın daha dinamik olmasına hazır olduqlarını bildiriblər. Gürcüstan prezidenti Azərbaycan tərəfinə Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə göstərdiyi sarsılmaz dəstəyə görə təşəkkür edib. Söhbət zamanı Gürcüstan prezidentinin aprelin 15-16-da Azərbaycan Respublikasına planlaşdırılan ilk rəsmi səfərinin təfərrüatlarına da toxunulub”, – prezident administrasiyasının məlumatında deyilib.