Miqrasiya departamentinin əməkdaşları xüsusi immiqrasiya nəzarəti tədbirləri nəticəsində 45 xarici ölkə vətəndaşını saxlayıblar
Qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları ölkə üzrə xüsusi immiqrasiya nəzarəti tədbirləri keçiriblər.
DİN-in məlumatına görə, kompleks tədbirlər nəticəsində 45 qeyri-qanuni xarici vətəndaş saxlanılıb. Onlar arasında Keniya, Türkmənistan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Rusiya, Qazaxıstan, Pakistan, Əlcəzair, Tailand, Uqanda, Hindistan, Banqladeş, Tanzaniya, Efiopiya, Nigeriya və Sudan vətəndaşları var.
“Xüsusi immiqrasiya nəzarəti tədbirləri çərçivəsində departament əməkdaşları konkret məkanları və müxtəlif təyinatlı obyektləri yoxlayıblar. Məqsəd Gürcüstanda qanuni əsas olmadan yaşayan xarici ölkə vətəndaşlarını aşkar etmək olub. Müəyyən edilib ki, saxlanılan şəxslər ölkədə “Xaricilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” Gürcüstan qanununun tələblərini pozaraq yaşayırdılar.
Hazırda saxlanılan şəxslər Miqrasiya Departamentinin müvəqqəti yerləşdirmə mərkəzinə yerləşdiriliblər. Onların ölkədən deportasiya olunması məqsədilə müvafiq prosedurlar davam etdirilir”, – deyə DİN-in məlumatında bildirilir.