Miqrasiya Departamentinin əməkdaşları xarici ölkənin 12 vətəndaşını saxlayıblar
Miqrasiya Departamentinin əməkdaşları xarici ölkənin 12 vətəndaşını saxlayıblar

Qeyri-qanuni miqrasiyaya qarşı mübarizə çərçivəsində Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları tərəfindən xüsusi immiqrasiyaya nəzarət tədbiri keçirilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayır.

Qurumun məlumatına görə, tədbir çərçivəsində departamentin əməkdaşları qanuni əsas olmadan Gürcüstanda olan əcnəbi vətəndaşların müəyyən edilməsi məqsədilə konkret ünvanlara baxış keçiriblər.

“Keçirilmiş kompleks tədbir nəticəsində xarici ölkələrin 12 vətəndaşı saxlanılıb. Onlar arasında İordaniya, Hindistan, Nepal və Banqladeş vətəndaşları da var. Onların Gürcüstanda “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” qanunun tələblərini pozaraq ölkədə olduqları müəyyən edilib.

Hazırda həmin şəxslər Miqrasiya Departamentinin müvəqqəti yerləşdirmə mərkəzində saxlanılırlar. Onların ölkədən çıxarılması məqsədilə müvafiq prosedurlar aparılır.

Miqrasiya Departamenti Gürcüstanın “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” qanununun səmərəli icrasını təmin etmək üçün mütəmadi olaraq xüsusi immiqrasiya nəzarəti tədbirləri həyata keçirəcək”, – Daxili İşlər Nazirliyinin məlumatında deyilib.