Miqrasiya Departamenti xüsusi immiqrasiya nəzarəti tədbirləri nəticəsində 42 xarici ölkə vətəndaşını saxlayıb
Qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları Tbilisi, Kutaisi və Batumi şəhərlərində xüsusi immiqrasiya nəzarəti tədbirləri həyata keçiriblər.
Kopleks tədbirlər nəticəsində Banqladeş, Hindistan, Pakistan, Misir, Özbəkistan, Türkiyə, İraq, Çin, Burkina-Faso, Filippin, İordaniya, Rusiya, Tayland, Sudan və Nepal vətəndaşları da daxil olmaqla 42 xarici ölkə vətəndaşı saxlanılıb.
Keçirilmiş tədbirlər çərçivəsində departament əməkdaşları tərəfindən Gürcüstanda qanuni əsas olmadan qalan xarici ölkə vətəndaşlarını müəyyən etmək məqsədilə müxtəlif təyinatlı obyektlər və konkret məkanlar yoxlanılıb.
Saxlanılan şəxslərin Gürcüstanın “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” qanunda nəzərdə tutulan tələbləri pozaraq ölkədə olduqları müəyyən edilib.
Hazırda saxlanılan şəxslər Miqrasiya Departamentinin müvəqqəti yerləşdirmə mərkəzinə yerləşdirilib. Onların ölkədən çıxarılması məqsədi ilə müvafiq prosedurlar aparılır.
Qeyd etmək lazımdır ki, ölkə miqyasında intensiv rejimdə davam edən immiqrasiya nəzarəti tədbirləri profilaktik xarakter alıb və bu da Gürcüstanda olan qeyri-qanuni əcnəbilərin ölkəni könüllü tərk etməsinə səbəb olub. Cari ilin birinci rübündə artıq 2030 qanunsuz əcnəbi Gürcüstanı könüllü tərk edib.
Daxili İşlər Nazirliyi məlumat yayır.