Mətbuatda yayılan məlumatda Türkiyə parlamentinin mətbuatda və sosial mediada dezinformasiyanın yayılmasına görə həbs cəzasını nəzərdə tutan qanun layihəsini müzakirəyə çıxaracağı deyilir

20:15, 13.10.2022

 

Türkiyə parlamenti mətbuatda və sosial mediada dezinformasiyanın yayılmasına görə həbs cəzasını nəzərdə tutan dezinformasiya haqqında qanun layihəsini müzakirə edəcək.

Müvafiq məlumatı “Reuters” agentliyi yayır.

Media yazır ki, Venesiya Komissiyası hakim komandanın təqdim etdiyi qanun layihəsinin söz azadlığını təhdid etdiyini və gələn il keçiriləcək seçkilərə qədər ölkədə jurnalistlərə daha çox zərər verə biləcəyini hesab edir.

Venesiya Komissiyası Türkiyə parlamentini qanunvericilik təşəbbüsünü dəstəkləməməyə çağırır.

Oktyabrın 12-də qanun layihəsinin müzakirəsi zamanı ana müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının üzvü, millət vəkili Burak Erbey çıxışı zamanı çantasından çəkic çıxararaq smartfonunu sındırıb.

” “Instagram”, “Facebook”, “YouTube” ilə əlaqə saxlaya biləcəyiniz cibinizdəki smartfonlar yeganə azadlığınızdır. Parlament bu qanunu qəbul etsə, siz telefonlarınızı sındırıb tullaya bilərsiniz. Artıq onlardan istifadə etməyinizə ehtiyac qalmayacaq, lakin mənim gənc bacılarım və qardaşlarım 2023-cü ilin iyun seçkilərində hökumətə dərs verəcəklər” – deyə müxalifətçi deputat bildirib.

Hakim Ədalət və İnkişaf Partiyası və müttəfiqləri parlamentdə çoxluq təşkil edir və qanunun bu həftə təsdiqlənəcəyini gözləyirlər. Media xəbər verir ki, təşəbbüsü tənqid edənlər, o cümlədən media nümayəndələri Türkiyənin təhlükəsizliyi ilə bağlı yalan məlumat yaymağa görə 1 ildən 3 ilə qədər həbs cəzası nəzərdə tutan maddədən narahatdırlar.

Oxşar