Mətbuat tərəfindən verilən məlumatda Rusiyanın Tuva Respublikasında qadınların səfərbərliyə qarşı etiraz aksiyası keçirdikləri, 20 nümayişçinin saxlanıldığı deyilir
Rusiyada, Tuva Respublikasında qadınlar səfərbərliyə qarşı etiraz aksiyası keçiriblər, 20 nümayişçi saxlanılıb. Müvafiq məlumatı “BBC”nin rus xidməti yayır.
Etiraz aksiyası respublikanın paytaxtı Kizilda keçirilib. KİV-in yazdığına görə, nümayişdə çoxlu insan olmayıb, bir neçə onlarla insan iştirak edib. Şahidlər ərazidə etirazçılardan çox polis olduğunu deyirlər.
Qadınlar “Səfərbərliyə yox” şüarı səsləndiriblər. Nümayişçilərdən biri isə hüquq-mühafizə orqanlarının əməkdaşlarını müharibənin ön xəttinə getməyə çağırıb.
Bununla yanaşı, bu gün Tuva hakimiyyəti respublikada səfərbərlik planının 100% yerinə yetirildiyini açıqlayıb.
Qeyd edilməlidir ki, ötən günlərdə qadınlar Dağıstan və Yakutiyada səfərbərlik əleyhinə aksiyalar keçiriblər. Dağıstanın paytaxtı Mahaçqalada keçirilən etiraz aksiyaları polislə qarşıdurma və kütləvi həbslərlə başa çatıb.
Rusiya prezidenti sentyabrın 21-də Ukraynada müharibəyə qoşulmaq üçün qismən səfərbərlik elan edib.