Məsud Fezeşkian – Tehran və İrəvan arasındakı münasibətlər kənar müdaxilələrdən azad qalmalıdır
Tehran və İrəvan arasındakı münasibətlər kənar müdaxilələrdən azad qalmalıdır, – bu barədə İran prezidenti Məsud Fezeşkian Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü zamanı bildirib.
Fezeşkianın iddiasına görə, bölgədə kənar qüvvələrin mövcudluğu regional problemləri həll etmək əvəzinə, çox vaxt onları daha da mürəkkəbləşdirir.
İran prezidenti həmçinin son münaqişə zamanı göstərdiyi əməkdaşlığa görə Ermənistana təşəkkür edib və hərtərəfli ikitərəfli əməkdaşlıq haqqında saziş üzrə danışıqların tezliklə başa çatacağına ümidvar olduğunu bildirib. Fezeşkianın sözlərinə görə, bu sənəd qarşılıqlı fəaliyyət üçün yeni imkanlar aça və eyni zamanda gömrük, nəqliyyat, tranzit, ticarət və iqtisadi əlaqələr sahələrində əməkdaşlığı gücləndirə bilər.
Öz növbəsində, Ermənistanın baş naziri İran rəhbərliyinə və xalqına başsağlığı verib, mərhum liderlə görüşlərini xatırlayıb. Nikol Paşinyan Ermənistanın İranla dostluq münasibətlərinə sadiqliyini bir daha təsdiqləyib və bildirib ki, İrəvan İranın təhlükəsizliyinə və milli maraqlarına zidd olan təşəbbüslərdə heç vaxt iştirak etməyəcək. Paşinyan bildirib ki, ikitərəfli münasibətlər hazırda Ermənistanın müstəqilliyindən bəri ən yüksək səviyyədədir.