Gürcüstanın Mərkəzi Seçki Komissiyası bəyanat yayır.
Bəyanatda qeyd olunub ki, media vasitələrindən birində yayımlanmış reportajda Seçki Administrasiyasının bir neçə əməkdaşının qohumluq əlaqələri və ya digər növ tanışlıqları elə təqdim olunub ki, guya buna görə onların fəaliyyəti qərəzlidir.
“TV Pirveli” Seçki Administrasiyasını qəsdən nüfuzdan salmaq kampaniyasını davam etdirir. Sentyabrın 28-də “Nodar Meladzenin şənbəsi” verilişində reportaj yayımlandı, reportajda Seçki Administrasiyasının bir neçə əməkdaşının qohumluq əlaqələri və ya digər növ tanışlıqları elə təqdim olundu ki, guya buna görə onların fəaliyyəti qərəzlidir.
Seçki Administrasiyası hələ reportajın hazırlanması prosesində teleşirkətin nümayəndələrinə jurnalist etikası normalarına əməl etmək və onları maraqlandıran məlumatı rəsmi qaydada, qanuna uyğun olaraq Seçki Administrasiyasından almaq üçün müraciət edib. Buna baxmayaraq, onlar administrasiyanın əməkdaşları haqqında fərdi məlumatların əldə edilməsinin qeyri-etik formalarını seçiblər. Bununla yanaşı, sözügedən reportajla bağlı Seçki Administrasiyasının profilaktik bəyanatı teleşirkət tərəfindən “TV Pirveli” ilə əməkdaşlığa son qoymaq təhdidi və akkreditasiyanın ləğvi cəhdi kimi şərh edilib, bu da həqiqətə uyğun deyil. Bu bəyanatdan sonra MSK sədrinin və qurumun digər nümayəndələrinin olduğu “TV Pirveli”nin verilişləri buna sübutdur.
Reportajda bir sıra faktiki qeyri-dəqiqliklər var. Onların arasında işçilərin Seçki Administrasiyasında işə başladığı vaxt, tutduqları vəzifə və təsir imkanları, işdən ayrılma səbəbi və s. Həmçinin, bəzi hallarda Seçki Administrasiyasının əməkdaşları ilə təmasda olan şəxslərin fəaliyyəti ilə bağlı məlumat həqiqətə uyğun deyil. Reportajın müəllifi məlumatla manipulyasiya yolu ilə tamaşaçılarda elə bir təsəvvür yaratmağa çalışır ki, guya Seçki Administrasiyasının əməkdaşları qərəzlidir.
Təəssüflər olsun ki, bu, sözügedən teleşirkət tərəfindən administrasiyanın əməkdaşlarının məlumatlarının qeyri-etik şəkildə əldə edilməsinin və bu məlumatla manipulyasiya edilməsinin ilk halı deyil. Dəfələrlə izah etmişik və bir daha xüsusilə vurğulayırıq ki, qohumluq əlaqələri, eləcə də onların fəaliyyəti Seçki Administrasiyasının əməkdaşlarının fəaliyyətinin qiymətləndirilməsində meyar olmamalıdır. Seçki prosesində iştirak edən bütün obyektiv tərəflər onların fəaliyyətlərini konkret əməlləri və qərarları ilə qiymətləndirməlidirlər.
Seçki Administrasiyası kadrların seçilməsində onların qohumluq və ya digər əlaqələrinin müəyyən edilməsini nəzərdə tutmayan qanunvericiliyin müvafiq normalarını rəhbər tutur. Müxtəlif siyasi birliklərin və ya dövlət strukturlarında çalışan şəxslərin ailə üzvləri ola bilsin qurumda olublar və indi də çalışmaqdadırlar, lakin qeyd etmək vacibdir ki, qurum əməkdaşların fəaliyyətinin qiymətləndirilməsində hər hansı digər meyarı deyil, onların peşəkarlığını rəhbər tutur. Bundan başqa, Seçki Administrasiyasının məmurların etika məcəlləsi əməkdaşlara yüksək qərəzsizlik və siyasi neytrallıq standartı tətbiq edir. Administrasiyanın hər bir əməkdaşı, o cümlədən reportajda bəhs edilən şəxslər də məhz bu standartlarla işləyir və bu insanların siyasi qərəzlilikdə ittiham edilməsi üçün heç bir əsas yoxdur.
Yuxarıda qeyd edilənlərdən irəli gələrək, düşünməyə əsasımız var ki, reportajı hazırlamaqda məqsəd Seçki Administrasiyasının əməkdaşlarına müəyyən təzyiq göstərmək, onların nüfuzdan salınması əsasında isə quruma olan inamı sarsıtmaqdır.
Biz seçki prosesində iştirak edən tərəfləri, o cümlədən yerli və beynəlxalq müşahidə təşkilatlarını seçki prosesinə birbaşa ziyan vuran və seçkilərə etimadı azaltmağa yönəlmiş qeyri-obyektiv və qərəzli kampaniyaları diqqətlə izləməyə çağırırıq.
Öz növbəsində, Seçki Administrasiyası hər zaman əməkdaşların qanuni mənafelərinin müdafiəçisi olub və olacaq və bu maraqların pozulmasının hər bir faktı ilə bağlı qanunla nəzərdə tutulmuş bütün tədbirləri görəcək” – MSK-nın bəyanatında qeyd olunub.