Mərakeşdən İspaniyanın anklavına bir neçə saat ərzində minlərlə miqrant daxil olub, yerli hakimiyyət orqanları Madridi fövqəladə vəziyyət elan etməyə və əlavə qüvvələr göndərməyə çağırır
Mərakeşdən İspaniyanın Şimali Afrika anklavı olan Seutaya bir neçə saat ərzində minlərlə miqrant daxil olub, buna görə də yerli hakimiyyət orqanları Madridi milli fövqəladə vəziyyət elan etməyə və əlavə qüvvələr göndərməyə çağırır.
Şahidlərin çəkdiyi görüntülərdə insanların sərhədi necə keçdiyi görünür, onlardan bəziləri şəhərə dəniz vasitəsilə daxil olur. Miqrantların əksəriyyəti gənc kişilərdir, lakin aralarında qadın və uşaqlar da var. Rəsmi göstəricilər hələlik dərc olunmayıb, lakin İspaniya dövlət televiziyasının məlumatına görə, Seutaya artıq 2000-dən 3000-ə qədər insan daxil olub.
Seutada fəaliyyət göstərən Mülki Qvardiya Əməkdaşları Assosiasiyasının rəhbəri Rəşid Sbihi məkanda “tamamilə xaos” olduğunu bəyan edib. Seuta prezidenti Xuan Xesus Vivas İspaniya hakimiyyətini “sərhədin toxunulmazlığını və vətəndaşların təhlükəsizliyini” təmin etmək üçün təcili olaraq əraziyə əlavə hüquq-mühafizə və hərbi qüvvələr göndərməyə çağırıb. Onun sözlərinə görə, miqrant qəbul mərkəzləri artıq həddindən artıq dolub və yüzlərlə insan gecəni küçədə keçirmək məcburiyyətində qalır.
İspaniya hökuməti daxili işlər naziri Fernando Qrande-Marlaskanın Seuta səfər edəcəyini bildirib, lakin miqrasiya böhranının milli fövqəladə vəziyyət elan etmək üçün hüquqi əsas təşkil etmədiyini vurğulayıb.
İspaniyanın Baş naziri Pedro Sançez hökumətin dərhal reaksiya verəcəyini bildirib. Onun sözlərinə görə, bütün lazımi resurslar səfərbər edilib, Mərakeş və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq həyata keçirilir və bölgədə normal vəziyyətin mümkün qədər tez bərpa olunması üçün əlavə tədbirlər hazırlanır.