Məhkəmənin qərarına əsasən, İrakli Ğaribaşvili 1 milyon lari girovu 30 gün ərzində ödəməlidir
Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın sabiq baş naziri İrakli Ğaribaşvili barəsində xüsusilə böyük miqdarda qanunsuz gəlirlərin leqallaşdırılması işi üzrə qətimkan tədbiri kimi 1 milyon lari məbləğində girov təyin edib. Qərarı hakim Eka Barbakadze bir neçə dəqiqə əvvəl elan edib.
Məhkəmə prokurorluğun vəsatətini tam şəkildə təmin edib. Keçmiş baş nazir bu məbləği 30 gün müddətində ödəməlidir. Bundan əlavə, prokurorluğun ölkədən çıxışın qadağan edilməsi və pasportun alınması barədə vəsatətləri də təmin olundu.
Ğaribaşvili özü iclasda bəyanat verməyib. O, yalnız qısa bir şərhlə razılığını ifadə edib ki, ittihamla razıdır. Bəyanatı vəkilləri verib. Vəkillərdən biri, Lili Qelaşvili qeyd edib ki, İrakli Ğaribaşvili ilk sorğuya gəlib, ölkəni tərk etməyə cəhd etməyib və onun şəxsiyyətindən çıxış edərək gizlənməyə cəhd etməsi istisnadır.
Məhkəmənin ilkin iclası 16 dekabrda keçiriləcək.
Gürcüstanın sabiq baş naziri İrakli Ğaribaşvili artıq məhkəməni tərk edib.
Məlumat üçün bildirək ki, 17 oktyabr tarixində İrakli Ğaribaşvili, Qriqol Liluaşvili, Otar Partsxaladze və onlarla əlaqəli şəxslərin yaşadıqları evlərdə axtarış aparılıb. Prokurorluğun məlumatına görə, müxtəlif elektron cihazlar, sənədlər və külli miqdarda pul götürülüb.
22 oktyabrda Dövlət Təhlükəsizlik Xidmətində keçirilən brifinqdə qeyd olunub ki, Korrupsiyaya Qarşı Mübarizə Agentliyində sabiq baş nazir İrakli Ğaribaşvili dindirilib. O, istintaq orqanları ilə tam əməkdaşlıq edib və illər ərzində qanunsuz gəlir əldə etdiyini etiraf edib.


