Məhəmməd Baqir Qalibaf – birtərəfli sazişlər dövrü başa çatıb, biz sizə dedik ki, ya sözünüzə əməl edin, ya da bədəlini ödəyin, reallıq qapını döyür
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Birləşmiş Ştatların ötən gecə İrana qarşı həyata keçirdiyi hücuma münasibət bildirir.
Onun sözlərinə görə, ABŞ-ın bu addımı ilə birtərəfli sazişlər dövrü başa çatıb.
“Birtərəfli razılaşmalar dövrü bitdi. Biz sizə dedik: sözünüzü tutun və ya bədəlini ödəyin. Reallıq qapını döyür”, – Qalibaf sosial şəbəkədə yazır.
Qalibaf paylaşımında ABŞ–İran qarşılıqlı anlaşma memorandumundan da bir hissəni paylaşıb. Həmin hissədə ABŞ-ın öz öhdəliklərini yerinə yetirəcəyi təqdirdə, İranın da sazişin şərtlərinə əməl edəcəyindən söhbət gedir.
Məlumat üçün bildirək ki, ötən gecə ABŞ İrana yeni zərbələr dalğası həyata keçirib. ABŞ Mərkəzi Komandanlığının bildirdiyinə görə, Birləşmiş Ştatlar Tehranın Hörmüz boğazından keçən gəmiyə hücum etməsindən və boğazı yenidən bağlamasından sonra İrana zərbələr endirib. ABŞ İranın 140 hərbi hədəfinə, o cümlədən raket və pilotsuz uçuş aparatlarının (PUA) yerləşdirildiyi məkanlara, rabitə şəbəkələrinə və sahilyanı müşahidə məntəqələrinə hava zərbələri endirib.