Medianın məlumatında Aİ-yə üzv ölkələrin Daxili İşlər və Ədliyyə Nazirləri Şurasının Rumıniya və Bolqarıstanın Şengen zonasına daxil olmasına yenidən icazə verməkdən imtina etdiyi, Xorvatiyanı qəbul etməyə isə razılaşdığı deyilir

19:27, 08.12.2022

 

Aİ-yə üzv ölkələrin Daxili İşlər və Ədliyyə Nazirləri Şurası Rumıniya və Bolqarıstanın Şengen zonasına daxil olmasına yenidən icazə verməyib, Xorvatiyanı qəbul etməyə isə razılaşıb.

Hollandiya və Avstriya Rumıniya və Bolqarıstanın Aİ-nin sərbəst hərəkət zonasına daxil olmasını əngəlləyib.

“Biz birlik içərisində olanda güclüyük. Bu məsələdə, Bolqarıstan və Rumıniyanın Şengen zonasına daxil olması mövzusunda həmrəy olmadığımız aydın oldu və bu, təəssüf doğurur” – deyə Avropa Komissiyasının üzvü Yulva Yohanson açıqlayıb.

Avropa Komissiyası və Avropa Parlamenti uzun müddətdir ki, Rumıniya və Bolqarıstanın Aİ-nin sərbəst hərəkət zonasına daxil edilməsini dəstəkləyir. Onların qiymətləndirməsinə görə, hər iki dövlət Şengen zonasına daxil olmaq üçün lazımi formal tələblərə cavab verir, lakin Avstriya və Hollandiyada, Rumıniya və Bolqarıstanda sərhədçilərin və digər dövlət məmurlarının hələ də korrupsiyaya meylli olmasını və rüşvət müqabilində qeyri-qanuni miqrantları Avrozonaya buraxacaqları təhlükəsinin olduğunu hesab edirlər.

Bolqarıstanın daxili işlər naziri Hollandiya və Avstriyaya qarşı cavab tədbirləri görəcəyini açıqlayır, ancaq nədən danışdığını dəqiqləşdirmir. Rumıniya prezidenti isə bildirib ki, ölkəsinin Şengen zonasına daxil olmasına yox cavabının verilməsi Rumıniyada avroskeptiklərin sayını bir daha artıracaq.

Rumıniya və Bolqarıstan 2011-ci ildən Şengen zonasına daxil olmağa çalışır. 22 Aİ-yə üzv dövlət, həmçinin İslandiya, Lixtenşteyn, Norveç və İsveçrə daxil olmaqla Şengen zonasına hazırda 26 ölkə daxildir.

Oxşar