Medianın məlumatına görə, ABŞ hərbçiləri Venesuelada hərbi bazaları, ölkənin əsas limanını və parlament binasını bombalayıb
Hərbi əməliyyat çərçivəsində ABŞ hərbçiləri Venesuelada hərbi bazaları və ölkənin əsas limanını bombalayıblar. Bu barədə Venesuela müxalifətinin lideri Maria Korina Maçado “CBS” ilə müsahibəsində bildirib.
Yayılan məlumata görə, Karakasın əsas hərbi bazası Fuerte Tiuna, Karakasın əsas aviabazası La Carlota, siqnal antenası El Volcan və Karib dənizi sahilində yerləşən La Guaira dəniz limanı bombalanıb.
Kolumbiya prezidenti Qustavo Petro ABŞ hərbçilərinin Venesuela parlamentinin binasını bombaladığını bildirib.
Məlumat üçün bildirək ki, Ağ Ev hücumla bağlı rəsmi bəyanat verməyib. Hərçənd, ondan əvvəl Amerika mediasında ABŞ prezidenti Donald Trampın Venesuela ərazisi daxilində zərbələr endirmək əmri verdiyi barədə məlumat yayılıb. “CBS” telekanalının məlumatına görə, Tramp Venesuelanı bombalamaq əmrini əməliyyat başlamazdan bir neçə gün əvvəl verib. Yayılan məlumata görə, əməliyyatın daha əvvəl başlaması planlaşdırılmışdı, lakin əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb. Məlumat üçün bildirək ki, Karakasda partlayış səsləri eşidilir, şəhərin üzərində aşağı hündürlükdə uçan təyyarə görünüb.
Venesuela prezidenti Nikolas Maduro ölkədə fövqəladə vəziyyət elan edib. Bu barədə Venesuela hökuməti bəyanat yayıb, bəyanatda qeyd olunur bütün ölkə “imperialist təcavüzü məğlub etmək üçün səfərbər olmalıdır”. Bununla yanaşı, Venesuela ABŞ-ı hücum etməkdə günahlandırıb və “hərbi təcavüzü” pisləyib, bu təcavüzün məqsədi olaraq Vaşinqtonun ölkənin nefti və minerallarını ələ keçirmək istəyini göstərib.