Media tərəfindən yayılan məlumatda Rusiyanın raket zərbələri ilə əlaqədar Kiyevdə və daha bir neçə vilayətdə elektrik enerjisinə əlavə məhdudiyyətlər tətbiq olunacağı deyilir
Rusiyanın raket zərbələri ilə əlaqədar Kiyev və daha bir neçə vilayətdə elektrik enerjisinə əlavə məhdudiyyətlər tətbiq olunacaq.
Media bu barədə Ukraynanın Prezident Administrasiyasının məlumat yaydığını yazır.
Ukrayna prezidenti Volodimir Zelenskinin ofis rəhbərinin müavini Kirill Timoşenko bildirib ki, oktyabrın 27-nə keçən gecə Ukraynanın əsasən mərkəzi bölgələrində raket hücumları nəticəsində enerji infrastrukturu zədələnib.
Timoşenko Kiyevdə, Kiyev vilayəti, Çerniqov, Çerkask və Jitomir vilayətində elektrik enerjisi istehlakına əlavə məhdudiyyətlər tətbiq ediləcəyini bildirib. Ukraynanın elektrik təchizatı şirkətində bildiriblər ki, Kiyevdə elektrik enerjisi çatışmazlığı ümumi istehlakın üçdə birini təşkil edir, bu səbəbdən də Kiyevdə elektrik enerjisi uzun müddət kəsiləcək və bir çox istehlakçıya təsir edəcək.
“Biz qeyri-müəyyən müddətə davam edəcək fövqəladə elektrik kəsilməsinə hazırlaşmalıyıq” – deyə Kiyev hərbi administrasiyasının rəhbəri Aleksey Kuleba bildirib.