Media tərəfindən yayılan məlumatda İstanbuldakı partlayışda şübhəli bilinən şəxsin Suriyada kürd hərbi qruplaşmalarının kəşfiyyat zabiti təlimi keçdiyini etiraf etdiyi deyilir
İstanbulun İstiqlal prospektində baş verən partlayışda şübhəli bilinən şəxs Suriyada kürd hərbi qruplaşmalarının kəşfiyyat zabiti təlimi keçdiyini etiraf edib. Bu barədə türk mətbuatı məlumat yayır.
Türk nəşrləri yazır ki, terror aktında şübhəli bilinən qadın, Axlam Əlbəşir 4 ay əvvəl “Kürdüstan İşçi Partiyası” və digər kürd hərbi qruplaşmalarla əlaqəsi olan başqa bir terrorçu kişi ilə birlikdə Türkiyəyə qeyri-qanuni daxil olmuş suriyalıdır.
Yayılmış məlumatda terror aktı ilə bağlı təlimatın Suriyanın Kobani bölgəsindən verildiyi deyilir. Partlayışdan sonra terror aktında iştirak edən şəxslər Yunanıstana keçmək niyyətində olublar. Türkiyə kəşfiyyat birliklərinin məlumatına əsasən, əgər terrorçular ölkədən çıxaraq gizlənməyi bacarsaydılar, onlar Yunanıstanda ölümlə cəzalandırılacaq və hücumla bütün əlaqələri kəsiləcəkdi.
Hazırda Türkiyədə əksəriyyəti suriyalı olan 48 nəfər terror aktı ilə əlaqədə şübhəli bilinərək saxlanılıb.