Media tərəfindən yayılan məlumatda, işğal altındakı Krımda partlayışın baş verdiyi, ilkin məlumatlara görə, iki nəfərin xəsarət aldığı deyilir
İşğal altındakı Krım ərazisində partlayış baş verib. İlkin məlumatlarda iki nəfərin xəsarət aldığı deyilir. Məlumatı “BBC” yayır.
Partlayış Krımın şimalında, Yankoe şəhərindən 20 kilometr aralıda yerləşən Maiskoe kəndində baş verib. “BBC” , Rusiya Müdafiə Nazirliyinin hadisəni sursat anbarında baş verən yanğınla izah etdiyini yazır.
Daha sonra Krım Respublikasının de-fakto rəhbəri Sergey Aksenov partlayış nəticəsində iki nəfərin xəsarət aldığını bildirib. O, ətraf rayonlardan iki min insanın təxliyə edildiyini əlavə edib.
Yerli media partlayışların iki yerdə – Maiskoe kəndində və Yankoe şəhərində baş verdiyini yazır, lakin nə Ukrayna, nə də Rusiya tərəfi bu barədə rəsmi açıqlama verməyib.
Ukrayna prezident ofisində partlayışa münasibət bildirilib. Mixaylo Podolyak normal ölkənin Krımının Qara dəniz, dağlar, istirahət və turizmlə, Rusiya tərəfindən işğal olunmuş Krımın isə anbar partlayışları və yüksək risklə xarakterizə olunduğunu bildirib.
Qeyd etmək lazımdır ki, bir həftə əvvəl də Krımda, Saki rayonunda Novofyodorovka aerodromunda partlayış baş vermiş, nəticədə 1 nəfər həlak olmuş, 7 nəfər yaralanmışdı.