Media tərəfindən yayılan məlumatda Fransa prezidenti və Çin liderinin Ukraynada nüvə silahından istifadənin qarşısının alınması ilə bağlı mövqelərini təsdiqlədikləri deyilir
Fransa prezidenti və Çin lideri Ukraynada nüvə silahından istifadənin qarşısının alınması ilə bağlı mövqelərini təsdiqləyiblər. Bu barədə “Reuters” agentliyi Fransa prezidentinin mətbuat xidmətinə istinadən məlumat yayır.
Eyni məlumatda Makronun görüş zamanı Ukraynada davam edən müharibənin nəticələrinin aradan qaldırılması üçün Paris və Pekin arasında əməkdaşlığın vacibliyini vurğuladığı deyilir.
“Fransa prezidenti Rusiyanın Ukraynada müharibəni davam etdirmək qərarından dərin narahatlığını bildirib. Münaqişənin nəticələri Avropanın hüdudlarından kənara çıxır, Fransa və Çinin əməkdaşlığı ilə aradan qaldırılmalıdır” -deyə Makronun mətbuat xidmətinin bəyanatında deyilir.
Emmanuel Makron və Si Dzinpin İndoneziyada G20 zirvə toplantısı çərçivəsində görüşüblər. Onlar həmçinin aşağı gəlirli ölkələrə maliyyə yardımı mövzusunu da müzakirə ediblər. Belə ki, görüşdə Çinin ən böyük kreditoru olduğu Zambiyaya toxunulub.
Çin dövlət qurumları da Si Dzinpin və Emmanuel Makron arasında baş tutmuş görüşlə bağlı açıqlama yayıblar. Bəyanatda danışıqların müsbət keçdiyi və iki ölkə arasında münasibətlərdə irəliləyişin müşahidə olunduğu vurğulanır.