Media tərəfindən verilən məlumatda Almaniyada hökuməti devirməyə cəhd ittihamı ilə saxlanılanlar arasında Rusiya vətəndaşı, Bundesver xüsusi təyinatlı qüvvəsinin üzvü və bir neçə ehtiyatda olan hərbçi olduğu deyilir

15:27, 07.12.2022

 

Almaniyada hökuməti devirməyə cəhd ittihamı ilə saxlanılanlar arasında bir Rusiya vətəndaşı var. Bu barədə alman mətbuatı məlumat yayır.

“Deutsche Welle” 24 Almaniya və bir Rusiya vətəndaşının Bundestaqa basqın etməyə hazırlaşdığı üçün saxlanıldığı barədə yazır.  Eyni işdə şübhəli bilinənlər Avstriya və İtaliyada da saxlanılıblar.

Alman prokurorluğunun məlumatına əsasən, saxlanılanlar arasında sui-qəsdçilərin Almaniyada hakimiyyətə gətirməyə hazırlaşdığı şahzadə XIII Hainrix də var. Bundan əlavə, XIII Hainrixin Almaniyada hökumət devrildikdən sonra yeni nizam yaratmaq üçün Rusiyanın rəsmi şəxsləri ilə əlaqə saxladığı məlum olub. Mətbuatın yazdığı kimi, saxlanılan Rusiya vətəndaşı XIII Hainrixə bu əlaqələrin qurulmasında köməklik edib.

Alman mətbuatının məlumatında bildirilir ki, saxlanılanlar arasında Bundesver xüsusi təyinatlı qüvvəsinin fəaliyyətdə olan üzvü və bir neçə ehtiyatda olan hərbçi də var. İlkin məlumatlara görə, sözügedən iş üzrə istintaq 2021-ci ilin noyabr ayından aparılırmış. İstintaqın məlumatına görə, sui-qəsdçilər Bundestaqı ələ keçirməyi və siyasətçiləri girov götürməyi planlaşdırırlarmış. Prokurorluğun versiyasına əsasən, onlar bundan sonra Almaniyada iğtişaşların başlayacağına və bunun da çevrilişlə nəticələnəcəyinə ümid ediblər.

Oxşar