Marko Rubio cari həftə 70-dən çox ölkənin nümayəndə heyətinə ev sahibliyi edəcək, müzakirə mövzusu isə “transmilli ifrat solçu terrorizmin canlanması” təhlükəsi olacaq
ABŞ Dövlət Katibi Marko Rubio cari həftə “transmilli ifrat solçu terrorizmin yenidən canlanması” təhlükəsini müzakirə etmək üçün 70-dən çox ölkədən nümayəndə heyətinə ev sahibliyi edəcək. Bu barədə Dövlət Departamentinin nümayəndəsi “ABC News”a bildirib.
“Uzun illər ərzində bu təhlükə beynəlxalq ictimaiyyətin antiterror səylərində diqqətdən kənarda qalan məsələ olub. Bu təhlükə nə qədər ciddi olsa da, ona lazımi qiymət verilməyib və onunla mübarizəyə kifayət qədər resurs ayrılmayıb”, – Xarici ölkələrin hökumətlərinə göndərilən izahat sənədində deyilib.
Sənəddə qeyd olunur ki, hüquq-mühafizə və terrorizmə qarşı mübarizə qurumlarının mütəxəssisləri “qlobal miqyasda əlaqəli, siyasi motivli terrorçuların, xüsusən də ifrat solçu terrorçuların siyasi məqsədlərə çatmaq üçün getdikcə daha çox mütəşəkkil və ölümcül zorakılığa əl atdıqları” “aydın bir tendensiya” müəyyən ediblər.
Cümə axşamı Vaşinqtonda keçiriləcək görüş sənədə əsasən “qorxutma və mütəşəkkil terror kampaniyaları vasitəsilə radikal siyasi baxışlarını həyata keçirməyə çalışan” beynəlxalq təşkilatlara qarşı “koordinasiyalı fəaliyyətin” əsasını qoyacaq.
İlkin olaraq görüşdə təxminən 60 ölkənin nümayəndəsinin iştirakı planlaşdırılırdı, lakin Dövlət Departamentində bildiriblər ki, “böyük maraq” səbəbindən görüşün miqyası genişləndirilib və görüşə “ifrat solçu zorakılığın artan beynəlxalq təhlükəsi ilə mübarizə aparan” əlavə ölkələr də dəvət olunub.