Xarici işlər naziri Maka Boçorişvili Amerika Birləşmiş Ştatlarının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Robin Daniqan ilə görüşüb. Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayır.
Nazirlikdən verilən məlumata əsasən, görüşdə Gürcüstan və ABŞ arasında əməkdaşlıq gündəliyi müzakirə edilib və qeyd olunub ki, iki ölkə arasında ümumi dəyərlərə və maraqlara əsaslanan tərəfdaşlıq müsbət dinamika tələb edir və Gürcüstan hakimiyyəti buna hazır olduğunu dəfələrlə təsdiqləyib.
“Tərəflər qeyd ediblər ki, ölkələr arasında onilliklər ərzində qurulmuş strateji münasibətlər gələcək əməkdaşlığın dərinləşdirilməsi üçün ən yaxşı təməldir”.
Görüşdə həmçinin regionda və dünyada mövcud təhlükəsizlik mühiti və çağırışları və bu kontekstdə Amerika Birləşmiş Ştatlarının dəstəyi və əməkdaşlığının əhəmiyyəti barədə danışıblar.
“Görüşün sonunda tərəflər iki ölkənin strateji əməkdaşlıqda irəliləyiş əldə etmək üçün fəal işləməyə hazır olduqlarını bildiriblər”, – XİN-in məlumatında qeyd olunub.