Maka Boçorişvili – Brüsselin Avropanın əlaqələndirilməsi üçün həyati əhəmiyyət kəsb edən və illərdir etibarlı tərəfdaş olan Gürcüstana təcrid siyasəti ilə cavab vermək cəhdi təkcə ədalətsiz deyil, həm də strateji səhvdir

11:36, 28.06.2026

Düşünürəm ki, Gürcüstan bu gün çoxvektorlu diplomatiyanın praktikada nə demək olduğunun ən yaxşı nümunələrindən biridir. Tariximiz, coğrafiyamız, təhlükəsizlik mühitimiz və iqtisadi maraqlarımız bizi hər gün prinsiplər və praqmatizm, açıqlıq və təhlükəsizlik, milli maraqlar və beynəlxalq əməkdaşlıq arasında düzgün balansı tapmağa məcbur edir, – bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Dubrovnik Forumu çərçivəsində keçirilən müzakirədə çıxışı zamanı bildirib.

Boçorişvilinin qeyd etdiyi kimi, ətrafımızda fərqli baxışlar, maraqlar və strateji ambisiyalar formalaşır ki, bu da xüsusi ehtiyatlılıq, dəqiqlik və məsuliyyət tələb edir.

“Əziz həmkarlar, Dubrovnik Forumu çərçivəsində sizə müraciət etmək mənim üçün böyük şərəfdir. Bu gözə şəhər öz tarixi, açıqlığı və dözümlülüyü ilə müasir beynəlxalq siyasətin xüsusiyyətlərindən və hazırkı geosiyasi reallıqda çoxvektorlu diplomatiyanın rolundan bəhs etmək üçün həqiqətən də ən yaxşı məkandır.

Biz tez-tez dəyişən dünyaya, qlobal çevrilmələrə və yeni güc nisbətinin formalaşmasına sanki tamaşaçı mövqeyindən yanaşaraq danışırıq. Əslində, heç birimiz bu proseslərin kənar müşahidəçisi deyilik. Özümüz də bu dəyişikliklərin iştirakçılarıyıq. Biz nəinki yalnız öz ölkələrimizin gələcəyini, həm də hazırda gözlərimiz önündə formalaşan beynəlxalq nizamı müəyyən edən qərarlar qəbul edirik.

Məhz buna görə də, düşünürəm ki, bu gün Gürcüstan çoxvektorlu diplomatiyanın praktikada nə demək olduğunun ən yaxşı nümunələrindən biridir. Tariximiz, coğrafiyamız, təhlükəsizlik mühitimiz və iqtisadi maraqlarımız bizi hər gün prinsiplər və praqmatizm, açıqlıq və təhlükəsizlik, milli maraqlar və beynəlxalq əməkdaşlıq arasında düzgün balansı tapmağa məcbur edir.

Gürcüstan, həqiqətən də, yol ayrıcında yerləşir. Ətrafımızda müxtəlif qüvvə, fərqli baxışlar, maraqlar və strateji ambisiyalar kəsişir. Bu reallıqda yaşamaq bizdən xüsusi ehtiyatlılıq, dəqiqlik və məsuliyyət tələb edir. Coğrafiya tarix boyu bizi bir çox çağırışlarla qarşı-qarşıya qoymuş bir reallıqdır, lakin eyni zamanda bu çağırışların imkanlarımızı əlimizdən almasına yol verməmək üçün necə hərəkət etməli olduğumuzu da bizə öyrədib.

Bu gün güc mərkəzlərinin çoxaldığı və iqtisadi rəqabətin beynəlxalq siyasəti getdikcə daha çox müəyyən etdiyi bir vaxtda, parçalamaq deyil, əlaqələndirmək funksiyasını yerinə yetirən ölkələr xüsusi əhəmiyyət kəsb edir. Gürcüstanın da məhz belə bir rolu var. Bu gün dünyanın yeni iqtisadi marşrutlar axtardığı, tədarük zəncirlərinin dayanıqlığının isə qlobal təhlükəsizliyin əsas elementlərindən birinə çevrildiyi bir vaxtda, ölkəmizin coğrafi mövqeyi yeni strateji əhəmiyyət kəsb edir”, – Boçorişvili qeyd edib.

Gürcüstanın xarici işlər nazirinin sözlərinə görə, təməlində sülh və təhlükəsizlik dayanmayan heç bir iqtisadi layihə uğurlu ola bilməz.

“Orta Dəhliz artıq sadəcə nəqliyyat marşrutu deyil. Bu, Avropanı, Cənubi Qafqazı, Mərkəzi Asiyanı və Şərqi birləşdirən yeni bir geoiqtisadi məkandır. Bu, ticarətin, enerjinin, rəqəmsal əlaqələrin, innovasiyanın, ortaq ideyaların və maraqların qovuşduğu bir məkandır. Gürcüstanın məqsədi bu prosesin nəinki yalnız coğrafi hissəsi olmaq, həm də onun etibarlı, proqnozlaşdırıla bilən və məsuliyyətli tərəfdaşına çevrilməkdir. Unutmayaq ki, təməlində sülh və təhlükəsizlik dayanmayan heç bir iqtisadi layihə uğurlu ola bilməz.

Ərazisinin 20%-i Rusiya tərəfindən işğal olunmuş bir ölkə sülh barədə başqalarından daha çox danışırsa, bu onun zəif olması demək deyil, sülhün qiymətini hamıdan yaxşı bilməsi deməkdir. Məhz buna görə də Gürcüstanın daxili və xarici siyasətinin əsas vəzifələrindən biri sülhü və sabitliyi təmin etməkdir. Məhz sülhün təmin edilməsi, makroiqtisadi sabitlik və ardıcıl iqtisadi siyasət Gürcüstana son illərdə Avropa və geniş region miqyasında orta hesabla təxminən 9%-lik iqtisadi artımla ən sürətlə böyüyən iqtisadiyyatlardan birinə çevrilmək imkanı verib.

Yüksək iqtisadi artım, rekord turizm, artan ixrac, artan xarici investisiyalar və əlverişli biznes mühiti sabitliyin iqtisadi uğura çevrildiyini sübut edir. Biz müasir infrastruktur qururuq, limanlar, dəmir yolu və avtomobil əlaqələri, enerji və rəqəmsal layihələr inkişaf etdiririk, bu da bütün regionu daha rəqabətli edir”, – deyə Boçorişvili bildirib.

Onun sözlərinə görə, Avropa Gürcüstan üçün dəyərlər məkanıdır və məhz buna görə də Avropa İttifaqına inteqrasiya Gürcüstanın qəti, strateji seçimidir.

Bununla yanaşı, Boçorişvilinin qeyd etdiyi kimi, Brüsselin Gürcüstana təcrid siyasəti ilə cavab vermək cəhdi nəinki ədalətsizdir, həm də strateji bir səhvdir.

“Eyni zamanda, xarici siyasətimiz sadə, lakin vacib bir prinsipə əsaslanır. Çoxvektorlu diplomatiya bizim üçün tərəfdaşlar arasında seçim etmək demək deyil. Bu, daha çox tərəfdaş qazanmaq deməkdir. Biz Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı fəal şəkildə dərinləşdiririk, Qara dəniz bölgəsində münasibətləri gücləndiririk, Yaxın Şərq və Asiya iqtisadiyyatları ilə əlaqələri inkişaf etdiririk. Gürcüstanın dünyanın ən böyük bazarları ilə azad ticarət sazişləri var, bu da ölkəmizin müxtəlif regionları və iqtisadiyyatları bir-birinə bağlayan iqtisadi, investisiya və logistik platformaya çevrilməsi üçün unikal imkan yaradır. Gürcüstanın çoxvektorlu xarici siyasəti heç vaxt strateji seçimimizin qeyri-müəyyənliyini ifadə etməyib və də etmir.

Avropa bizim üçün sadəcə siyasi və ya iqtisadi birlik deyil. Bu, dəyərlər məkanıdır və məhz buna görə də Avropa İttifaqına inteqrasiya Gürcüstan üçün qəti, strateji seçimdir. Eyni zamanda hesab edirik ki, Avropa məhz açıq tərəfdaşlıqlar, qarşılıqlı əlaqə və etibarlı tərəfdaşların geniş şəbəkəsi ilə güclənir. Gürcüstan bu prosesə öz töhfəsini verməyə hazırdır.

Brüsselin Avropanın əlaqələndirilməsi üçün həyati əhəmiyyət kəsb edən və illərdir etibarlı tərəfdaş olan Gürcüstana təcrid siyasəti ilə cavab vermək cəhdi təkcə ədalətsiz deyil, həm də strateji səhvdir.

Tarix boyu böyük dəyişikliklər xalqların müdrikliyini, cəsarətini və baxışını sınağa çəkirdi. Dünya çağırışlar yox olduqda deyil, cəmiyyətlər onların öhdəsindən gəlmək yollarını birlikdə tapdıqda irəliləyir. Belə bir vaxtda dialoq seçim deyil, zərurətdir. Əməkdaşlıq isə dayanıqlı sülhün, sabitliyin və tərəqqinin üzərində qurulduğu təməldir. Biz inanırıq ki, müasir dünyada yalnız açıq, rəqabətədavamlı və etibarlı olmağı bacaranlar uğur qazanacaqlar”, –  Xarici İşlər Naziri bildirib.

Oxşar