Macarıstan parlamenti Andraş Bakanı yeni prezident seçdi
Macarıstan Milli Assambleyası 73 yaşlı hüquqşünas və Ali Məhkəmənin keçmiş sədri Andraş Bakanı respublikanın yeni prezidenti seçdi.
Bakanın Macarıstanın yeni prezidenti seçilməsini 140 deputat dəstəklədi, 6 nəfər isə əleyhinə səs verdi.
“Keçmiş hakim koalisiya “Fidesz” səsvermədə iştirak etməyəcəyini əvvəlcədən bildirdi.
1991–2008-ci illərdə Andraş Baka Avropa İnsan Haqları Məhkəməsində çalışırdı. Daha sonra, 2009-cu ildə o, Macarıstan Ali Məhkəməsinin sədri olub. Konstitusiya islahatı həyata keçirildikdən sonra o, vəzifəsindən azad edilib. Baka özü hesab edir ki, onun vəzifədən azad edilməsi Viktor Orban hökumətinin məhkəmə islahatını tənqid etməsi ilə bağlı idi.
İyulun 18-də Bakanın sələfi Tamaş Şulyok, digər məsələlərlə yanaşı, onun prezidentlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsini nəzərdə tutan konstitusiya dəyişikliklərini imzaladı. Peter Madyarın „Tisza“ partiyasının konstitusiya çoxluğuna sahib olduğu Macarıstan parlamenti konstitusiya dəyişikliklərini təsdiqlədikdən sonra Şulyokun qərarı imzalamaq və ya ona veto qoymaq üçün beş gün vaxtı var idi.
Seçkiöncəsi kampaniya zamanı “Tisza” partiyasının lideri Peter Madyar söz vermişdi ki, konstitusiya çoxluğu qazanacağı təqdirdə Macarıstan konstitusiyasını dəyişdirəcək və əvvəlki hökumət tərəfindən təyin edilmiş, Orbanın “marionetləri” adlandırdığı yüksək rütbəli məmurları vəzifələrindən azad edəcək. Onların arasında prezident Şulyok da var idi.