Maia Sandu – Rusiya Moldovanı qaranlığa qərq etdi, bəzilərini öldürən, bəzilərini işıqsız, istiliksiz qoyan rejimə etibar edə bilmərik
Kişinyov bəzi insanları öldürən, bəzilərini isə işıqsız və istiliksiz qoyan Rusiya rejiminə etibar edə bilməz-bu barədə Moldova prezidenti Maia Sandu açıqlama verib.
Moldova prezidenti Rusiyanın Ukraynadakı müharibəsinin insanları öldürdüyünü, evləri və enerji infrastrukturunu məhv etdiyini bildirib.
“Rusiya Moldovanı qaranlığa qərq etdi. Rusiyanın Ukraynadakı müharibəsi insanları öldürür, evləri, enerji infrastrukturunu məhv edir… Bizi işıqsız, istiliksiz qoyan, sırf başqa xalqları yoxsulluq içində və alçaldılmış vəziyyətdə saxlamaq üçün insanları qəsdən öldürən bir rejimə etibar edə bilmərik. İndi nə qədər çətin olsa da, bizim yeganə yolumuz, Moldovanın gələcək yolu azad dünya istiqamətində olmalıdır” – deyə Maia Sandu sosial şəbəkədə yazır.
Noyabrın 23-də Rusiyanın Ukrayna infrastrukturuna qarşı növbəti kütləvi raket hücumu səbəbindən Moldovanın bəzi bölgələrində elektrik enerjisi kəsilib. Moldova Xarici İşlər Nazirliyi Rusiyanın Ukraynanın enerji infrastrukturuna hücumu səbəbindən elektrik enerjisinin kəsilməsi ilə bağlı izahat vermək üçün Rusiya səfirini çağırıb.