Maia Sandu – Moldovanın hava məkanına bəzi dronlar təsadüfən, bəziləri isə qəsdən daxil olur
Moldovanın hava məkanına bəzi dronlar təsadüfən, bəziləri isə qəsdən daxil olur, – bu barədə Moldova prezidenti Maia Sandu “Teleradio Moldova”nın efirində bildirib.
Onun sözlərinə görə, hər iki halda dronlar hava məkanını pozur və insanlar üçün təhlükə təşkil edir.
“Düşünürəm ki, onların bəziləri təsadüfən daxil olur, bəziləri isə qəsdən göndərilir, özü də təkcə bizim deyil, regionun digər ölkələrinin də hava məkanına. Oxşar halları Rumıniya və Polşada da gördük. Dronların uçuş trayektoriyasına əsasən, onlardan hansının məqsədli şəkildə göndərildiyini, hansının isə oraya təsadüfən düşdüyünü demək mümkündür”, – deyə Moldova prezidenti bildirib.
Sandunun bildirdiyinə görə, bu hadisələrə görə məsuliyyət daşıyan yeganə tərəf Ukraynaya qarşı müharibəyə başlayan Rusiya Federasiyasıdır.
“Bu dronların həm Moldova Respublikasında, həm Ukraynada, həm də hər yerdə dayandırılması üçün edilə biləcək ən vacib şey Ukraynaya kömək etmək və Ukraynanın bu müharibədə qalib gəlməsini təmin etməkdir”, – Sandu bildirib.