Maia Sandu Moldovanın baş naziri postuna biznesmen Vasile Tofanı rəsmi olaraq təqdim edib

16:02, 11.07.2026

Moldova Prezidenti Maia Sandu biznesmen Vasile Tofanı baş nazir postuna rəsmi olaraq təqdim edib.

Tofanın təqdimat zamanı qeyd etdiyi kimi, bu onun üçün böyük bir məsuliyyətdir və o, əhalinin gözləntilərini doğrultmaq üçün hər şeyi edəcəkdir.

“Burada olmaq mənim üçün böyük şərəfdir. Bunu bir nailiyyət hesab etmirəm; bu, böyük bir məsuliyyətdir və mən bu məsuliyyətin yükünü daşıyıram. Moldovalıların gözləntilərini doğrultmaq üçün əlimdən gələni edəcəyəm. Ümid edirəm ki, moldovalıların həyatını yaxşılaşdırmaq üçün mümkün qədər tez fəaliyyətə başlayacağam”, – deyə Tofan qeyd edib.

Moldova Konstitusiyasına əsasən, prezident tərəfindən baş nazir vəzifəsinə namizəd rəsmi olaraq təqdim edildikdən sonra, namizəd 15 gün müddətində etimad almaq üçün hökumətin proqramını və nazirlərin tam heyətini parlamentə təqdim etməlidir. Parlament seçilmiş deputatların səs çoxluğu ilə hökumətə etimad göstərərsə, prezident hökumətin təyin edilməsi barədə fərman imzalayır, bundan sonra baş nazir və nazirlər and içirlər və hökumət rəsmi olaraq öz səlahiyyətlərinin icrasına başlayır.

Məlumat üçün bildirək ki, iyulun 3-də Moldovanın Baş naziri Aleksandru Munteanu istefa verdiyini bəyan edib. Munteanunun qərarının son günlərdə Moldovada baş verən korrupsiya qalmaqalları ilə bağlı olduğu ehtimal edilir. Xüsusilə, hazırkı hökumət tərəfindən bu vəzifəyə təyin edilmiş MOLDATSA Mülki Aviasiya Təhlükəsizliyi Agentliyinin rəhbərinin saxta universitet diplomuna və həmçinin saxta pilot lisenziyasına sahib olduğu aşkarlanıb.

Oxşar