Maia Sandu – Kreml rejimi bu gün Ukrayna istiqamətində rekord sayda raket atıb, biz müharibənin başlamasından bu günədək həyata keçirilmiş ən güclü hücumu qətiyyətlə pisləyirik
Rusiyanın Ukraynaya raket hücumundan sonra Moldovada elektrik enerjisinin kəsilməsinə ölkə prezidenti Maia Sandu münasibət bildirib.
Maia Sandu Rusiyanın Ukraynaya raket hücumunu pisləyib və bunu Ukraynada müharibə başlayandan bu günədək ən güclü hücum kimi qiymətləndirib.
“Bu gün Kreml rejimi Ukrayna istiqamətində rekord sayda – 100 raket atıb. Raketlər mülki və enerji infrastrukturuna düşüb və minlərlə insanın həyatını təhlükəyə atıb. Biz bu hücumu – Ukraynada müharibə başlayandan bu günədək ən güclü hücumu qətiyyətlə pisləyirik.
Rusiyanın Ukraynaya hücumu həm də ölkəmizi təmin edən elektrik xəttinin avtomatik bağlanmasına səbəb olub, minlərlə vətəndaş işıqsız qalıb. Hal-hazırda işıqsız qalan bütün insanlara sakitlik və anlayışlarına görə təşəkkür etmək istərdim. Mütəxəssislər elektrik enerjisinin verilişini mümkün qədər tez bərpa etmək üçün fövqəladə rejimdə işləyirlər” -deyə prezident sosial şəbəkədə yazır.
Bu gün yerli vaxtla saat 16:40-da Rumıniyadan Moldovaya elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Nəticədə minlərlə abonent işıqsız qalıb. Kişinyovda trolleybusların hərəkəti də dayandırılıb.