Liz Tras Britaniyanın yeni baş naziri seçilib
Liz Tras Britaniyanın yeni baş naziri seçilib. Bir az bundan əvvəl Britaniyanın “Mühafizəkarlar Partiyası”nın qurultayında səsvermənin nəticələri açıqlanıb.
Yeni baş nazir Kraliça II Yelizaveta ilə görüşmək üçün sabah Şotlandiyaya yola düşəcək . Görüşdə kraliça baş nazirə yeni hökuməti qurmağı tapşıracaq.
Xarici İşlər Naziri Liz Tras ilə birlikdə Mühafizəkarlar Partiyasının lideri və Böyük Britaniyanın baş naziri postu uğrunda keçmiş Maliyyə Nazirliyinin kansleri Rişi Sunak da mübarizə aparıb.
Liz Tras Britaniya tarixində Marqaret Tetçer və Tereza Meydən sonra üçüncü qadın baş nazir seçilib.
Mühafizəkarlar Partiyasında səsvermə bir neçə həftədir ki, davam edir. 2015-ci ildən bu günə qədər Liz Tras Mühafizəkarlar Partiyasından Britaniyanın dördüncü baş naziri olacaq.
Seçki kampaniyasının bir hissəsi olaraq, Liz Tras Böyük Britaniyada artan yaşayış xərcləri ilə mübarizə aparmaq üçün təcili tədbirlər görəcəyini və qalib gələrsə, bir həftə ərzində artan enerji qiymətləri ilə mübarizə üçün fəaliyyət planı təqdim edəcəyini söyləyib.