Laqodexi munisipalitetinin Giorgeti məktəbində ilanlar peydah olublar

Laqodexi munisipalitetinin Giorgeti ümumi məktəbində ilanlar yenə peydah olublar.

Keçən ildə də baş verən eyni problemə görə, məktəbdə təhsil prosesi müvəqqəti olaraq, dayandırılmışdı.

O vaxt Təhsil Nazirliyi məktəbi ilanlardan təmizləmək üçün müəyyən tədbirlər görmüşdü, ancaq bu il, havalar qızan gündən, məktəbdə yenə ilanlar göründülər. İlanlar məktəbin üçüncü mərtəbəsinə qədər çıxırlar.

“Mənə elə gəlir ki, ilanların yuvaları  məktəbin zirzəmisindədir və havalar qızan andan, dərhal üzərə çıxırlar”, – dedi məktəb müəllimlərindən biri İzolda Labadze.

Məktəbin direktoru Tamar Maisuradze isə, hesab edir ki, ilanların kökünü kəsmək üçün, məktəbdə tam və keyfiyyətli reabilitasiya işləri aparılmalıdır.

“Keçən ildə mütəxəssislər bizə deyirdilər ki, bunlar təhlükəli ilanlar deyillər, amma yenədə onları görəndə qorxuruq” – dedi məktəb direktoru.

Laqodexi munisipalitetinin meriyasında bəyan edirlər ki, bu məsələyi detallı şəkildə öyrənəcəklər.