“La Repubblica” – NATO kəşfiyyatı Rusiyanın nüvə sunamisinə səbəb ola biləcək “Poseidon” sualtı aparatını mümkün sınaqdan keçirməyə hazırlaşdığına dair müttəfiqləri xəbərdar edir
“La Repubblica” tərəfindən verilən məlumatda bildirilir ki, NATO kəşfiyyatı Rusiyanın “Poseidon” pilotsuz sualtı aparatını mümkün sınaqdan keçirməyə hazırlaşdığına dair müttəfiqləri xəbərdar edir.
İtaliya nəşri yazır ki, Rusiyanın “Belgorod” atom sualtı qayığı artıq Ağ dənizdəki bazanı tərk edib və çox güman ki, nüvə sınağı keçirəcəyi Qara dənizə yollanır.
“La Repubblica”ya əsasən, “Poseidon” su altında uzun məsafələr qət edə bilən və partlayandan sonra şəhərləri su altına ala biləcək nüvə sunamisinə səbəb olan gizli silahdır. Söhbət nüvə başlığı ilə təchiz edilmiş 24 metrlik qurğudan gedir, onun gücü çox güman ki, iki meqatondur.
“Çox az adam “Poseidon”un hazır olduğuna inanır, lakin sadəcə olaraq onun sınanılacağını elan etmək Kremlə Qərblə mübarizə üçün unikal vasitəyə malik olduğunu, ona qarşı heç bir müdafiənin olmadığını göstərməyə imkan verərdi” – deyə İtaliya nəşri yazır.
“La Repubblica” yazır ki, “Şimal axını” qaz kəmərində təşkil edilmiş təxribatlardan danışarkən son vaxtlar “Belgorod” sualtı qayığından bir neçə dəfə bəhs edilir, lakin mütəxəssislər qaz kəmərinin partladılmasında bu sualtı qayığın iştirakını istisna edirlər.
Rusiya prezidenti son vaxtlar bir neçə dəfə nüvə silahından istifadə etməklə hədələyib.