Kremlin məlumatına əsasən, Putin Şolts ilə söhbətində bildirib ki, Ukrayna ilə mümkün razılaşmalar Rusiyanın maraqlarını nəzərə almalı və yeni ərazi reallığına əsaslanmalıdır

22:40, 15.11.2024

Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Olaf Şolts arasında 2022-ci ilin dekabrından bəri ilk telefon danışığı alman tərəfinin təşəbbüsü ilə baş tutub. Bu barədə Kremlin yaydığı bəyanatda qeyd olunub.

Kremlin məlumatına əsasən, söhbətdə Ukraynadakı mövcud vəziyyətə toxunulub.

“Vladimir Putin hazırkı böhranın NATO-nun uzunmüddətli aqressiv siyasətinin birbaşa nəticəsi olduğunu xatırlayıb, bu isə Ukrayna ərazisində anti-rus müharibə şəraiti yaratmaq və təhlükəsizlik sahəsində ölkəmizin maraqlarına məhəl qoymamaq məqsədi daşıyır və rusdilli sakinlərin hüquqlarını pozur”, – bəyanatda qeyd olunub.

Həmçinin, davam edən müharibənin diplomatik və siyasi yollarla həllinə gəlincə, Putin qeyd edib ki, Rusiya tərəfi heç vaxt imtina etməyib və Kiyev rejiminin kəsdiyi danışıqları bərpa etməyə hazırdır.

“Mümkün razılaşmalar Rusiya Federasiyasının təhlükəsizlik sahəsində maraqlarını nəzərə almalıdır, yeni ərazi reallığına əsaslanmalı və ən əsası münaqişənin əsas səbəblərini aradan qaldırmalıdır”, – deyə bəyanatda yazılıb.

Söhbətdə həmçinin, Almaniya və Rusiya münasibətinə toxunulub. Putinin dediyinə görə, iki ölkə arasında münasibətlər pisləşib, bu da Almaniya hakimiyyətinin qeyri-dost kursunun nəticəsidir. Rusiya lideri həmçinin vurğulayıb ki, onlar energetika sahəsində saziş üzrə öhdəliklərini əsaslı şəkildə yerinə yetirirdilər və Almaniya tərəfi bununla maraqlanarsa, qarşılıqlı faydalı əməkdaşlığa hazırdırlar.

Bununla yanaşı, Kremlin məlumatına görə, liderlər həmçinin, Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

Məlumat üçün bildirək ki, Almaniya kansleri Olaf Şoltsla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı bu gün baş tutub. Almaniya hökumətində bildirdiklərinə görə, Olaf Şolts Vladimir Putini Ukrayna ilə danışıqlar üçün hazır olduğunu göstərməyə çağırıb.

Oxşar