Kremldə Türkiyə prezidentinin müharibəyə son qoymaq təşəbbüsünün onlar üçün qəbuledilməz olduğunu bildirirlər
Kremldə Türkiyə prezidentinin müharibəyə son qoymaq təşəbbüsünün onlar üçün qəbuledilməz olduğunu bildirirlər. Yayılan məlumata görə, Rəcəb Tayyib Ərdoğan “Böyük iyirmilik” sammitində tərəflərin hazırkı mövqelərində hərbi əməliyyatların dondurulmasını nəzərdə tutan təkliflə çıxış etməyə hazırlaşır.
Medianın məlumatına görə, Türkiyə prezidenti həmçinin Ukraynanın NATO-ya daxil olması məsələsinə baxılmasını ən azı on il təxirə salmağı təklif edir. Türkiyənin təklifi həmçinin Rusiyanın 2014-cü ildən mühüm ərazilərə nəzarət etdiyi Donbasın şərqində demilitarizasiya zonasının yaradılmasını nəzərdə tutur.
“Müharibənin döyüş xətti boyunca dondurulması variantı rus tərəfi üçün qəbuledilməzdir”, – Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Rusiya və Türkiyə liderlərinin son görüşdə Ərdoğanın Ukraynada hərbi əməliyyatları dondurmaq planını müzakirə edib-etməməsi ilə bağlı suala Peskov bunun müzakirə olunmadığı cavabını verib.