Kreml – Xerson və Zaporojienin sərhədlərinin haradan keçdiyi hələ müəyyən edilməyib, əhali ilə məsləhətləşmələrə davam edirik
Kremldə Xerson və Zaporojie sərhədlərinin haradan keçdiyinin hələ müəyyən edilmədiyi deyilir. Rus mətbuatı tərəfindən yayılan məlumatda Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun məsələ ilə bağlı əhali ilə məsləhətləşmələri davam etdirdiklərini açıqladığı deyilir.
“Bu məsələ ilə bağlı qismən açıqlamamız var, mən sizə hüquqi dildə deyəcəyəm, Luqansk Xalq Respublikası və Donetsk Xalq Respublikası – 2014-cü ilin sərhədləri daxilində. Xerson və Zaporojie sərhədləri ilə əlaqədar bu vilayətlərin əhalisi ilə məsləhətləşmələri davam etdiririk”- deyə Peskov bildirib.
Peskov Rusiyanın ilhaq etdiyi və Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan vilayətlərdə yerləşən ərazilərin kimə məxsus olması ilə bağlı suala birmənalı cavab verməyib.
“Hansı bölgələr? Bu məsələ ilə bağlı əlavə edəcəyim heç nə yoxdur” –deyə Peskov bildirib.
O , Xerson və Zaporojienin sərhədlərinin müəyyən edilməsi üçün referendumların yenidən keçirilməsinin nəzərdə tutulmadığını bildirib.
Peskova həmçinin Rusiya tərəfindən ilhaq edilmiş Ukrayna vilayətlərinin sərhədlərinin prezident Vladimir Putinin bu ərazilərin Rusiyanın tərkibinə daxil edilməsi haqqında qərarı imzaladığı vaxta qədər müəyyən edilib-edilməyəcəyi ilə bağlı suala Peskov “çox güman ki, formul dəyişməz qalacaq” cavabını verib.