Kreml - Ermənistan Avrasiya İqtisadi Birliyindən çıxarsa, onun üçün güzəştli qaz tarifi bazar prinsipləri əsasında formalaşa bilər
Ermənistan Avrasiya İqtisadi Birliyindən çıxarsa, onun üçün güzəştli qaz tarifi bazar prinsipləri əsasında formalaşa bilər, – bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
“Ermənistan rəhbərliyinin Rusiya qazı və Rusiya enerji resursları üçün daha cəlbedici, hətta güzəştli qiymətlərin mövcudluğu barədə bəyanatlarını eşidirik. Bu, həqiqətən də belədir. Rusiya bütün ölkələr, xüsusilə də ən yaxın müttəfiqləri və tərəfdaşları üçün enerji resurslarının etibarlı və məsuliyyətli tədarükçüsü olaraq qalır”, – Peskov bildirib.
Eyni zamanda Peskov qeyd edib ki, “belə bir rejim digər inteqrasiyaların iştirakçıları üçün qeyri-mümkündür”.
“Əlbəttə ki, bu, Avropa İttifaqıdır. Oradakı qiymət kateqoriyası tamamilə fərqlidir. Bu, bazardır. Bunu Yerevandakı dostlarımız çox yaxşı bilirlər”, – Peskov deyib.
Peskov xatırladıb ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvaya səfəri zamanı “Ermənistanın Avrasiya İqtisadi Birliyinin tamhüquqlu üzvü olaraq qaldığını, eyni zamanda xarici siyasətin digər sahələrində, xüsusən də Avropa ilə münasibətləri inkişaf etdirdiyini” bəyan edib.
“Və Paşinyanın o zaman izah etdiyi kimi, müəyyən bir məqamda yekun qərar qəbul etmək lazım gələcək. Bu, referendum yolu ilə baş verəcək, yəni sözü məhz erməni xalqı deyəcək”, – deyə Rusiya prezidentinin sözçüsü bildirib.