Konqo Demokratik Respublikasında son dövrdə qeydə alınan Ebola epidemiyası ölkə tarixində ən miqyaslı epidemiyadır
Ümumdünya Səhiyyə Təşkilatının bildirdiyinə görə, Konqo Demokratik Respublikasında son vaxtlar qeydə alınan Ebola epidemiyası ölkə tarixindəki ən miqyaslı epidemiyadır. Bu barədə məlumatı “BBC” yayır.
30 iyulun göstəricilərinə görə, ölkədə 3 605 təsdiqlənmiş Ebola hadisəsi qeydə alınıb, onlardan 1 587 nəfəri dünyasını dəyişib.
Hazırkı epidemiya Ebolanın Bundibuqio ştamı tərəfindən törədilib. Ebola epidemiyası 15 may 2026-cı il tarixində elan edilib və artıq 2018–2020-ci illərdə qeydə alınmış, indiyədək ölkə tarixində ən irimiqyaslı hesab edilən epidemiyanı geridə qoyub. O vaxt təxminən 3 500 yoluxma halı qeydə alınmışdı, onlardan təxminən 2 300 nəfər dünyasını dəyişmişdi.
Hazırda Bundibuqio ştamına qarşı təsdiqlənmiş peyvənd və ya müalicə vasitəsi mövcud deyil, lakin Birləşmiş Krallıq və Sinqapurda peyvəndlər üzərində işlər davam etdirilir.
“BBC”nin məlumatına görə, bədənin bioloji mayeləri ilə təmas vasitəsilə yayılan Ebola virusu son 50 il ərzində Afrikada 15 000 insanın həyatına son qoyub.
Ümumdünya Səhiyyə Təşkilatı “X” sosial şəbəkəsində yaydığı bəyanatda qeyd edib ki, epidemiya “güclənir, virusun ötürülməsi hələ də fasiləsiz olaraq davam edir, təsdiqlənmiş yoluxma və ölüm hallarının sayı isə artmaqda davam edir”.