Kiyev vilayətinə Rusiyanın hücumu nəticəsində 27 nəfər həlak olub, 42 nəfər isə yaralanıb, Volodimir Zelenskinin bəyanatına görə, hadisə ilə bağlı xidməti səhlənkarlıq maddəsi ilə cinayət işi açılıb
Son 24 saat ərzində Rusiyanın Kiyev vilayətinə hücumu nəticəsində 27 nəfər həlak olub, 42 nəfər isə yaralanıb. Bu barədə məlumatı Ukrayna mediası yayır.
Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenkonun bildirdiyinə görə, ətraf ərazidən 59-u uşaq olmaqla 381 nəfər təxliyə edilib. Hadisə yerində xilasetmə işləri hələ də davam edir. İlkin məlumata görə, 50-yə yaxın yaşayış evinə ziyan dəyib.
Ukrayna Prezidenti Volodimir Zelenski sözügedən məsələyə münasibət bildirib və bəyan edib ki, Kiyev yaxınlığındakı Mıla kəndində Rusiyanın hücumu nəticəsində anbar zədələnib və bu da növbəti partlayışa səbəb olub. Onun sözlərinə görə, partlayış ətrafdakı infrastruktura ciddi ziyan vurub.
“Dünən axşamdan bəri Kiyev yaxınlığındakı Mıla kəndində Rusiya dronlarının hücumunun nəticələrinin aradan qaldırılması üçün işlər aparılır. Ərazidə əhaliyə yardım göstərən koordinasiya mərkəzləri yaradılıb. Bütün lazımi xidmətlər cəlb olunub. Hadisə yerində Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin əməkdaşları, ümumilikdə 300-dən çox insan çalışır. Zərbə nəticəsində anbar zədələnib və bu da partlayışa səbəb olub. Təəssüf ki, ətrafdakı infrastruktura ciddi ziyan dəyib, yaşayış evləri, həmçinin yaşlılar və əlilliyi olan şəxslər üçün qulluq müəssisəsi zədələnib. Hazırda 27 nəfər həlak olmuş hesab olunur. Onların arasında insanları xilas etməyə çalışan Dmitrivka icmasının rəhbəri Taras Didiç də var.
Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verirəm, onlarla insan yaralanıb. 370-dən çox insan artıq təxliyə edilib və proses hələ də davam edir. Baş nazir və daxili işlər nazirinin hesabatlarını dinlədim. Buna yol verilməsinə cavabdeh olanlar öz qərarlarına görə cavab verməlidirlər. Milli Polis və Ukrayna Təhlükəsizlik Xidməti istintaq aparır. Cinayət işi səhlənkarlıq (vəzifəyə laqeyd yanaşma) maddəsi ilə açılıb. Müvafiq qaydalar mövcuddur, döyüş sursatlarının yaşayış evlərinin və ya digər yaşayış sahələrinin yaxınlığında saxlanılması yolverilməzdir. Bu hadisə ilə bağlı mütləq müvafiq nəticələr çıxarılacaq”, – deyə Zelenski yazır.
Ukrayna prezidentinin bildirdiyinə görə, gecə saatlarında Rusiyanın hücumu ölkənin digər bölgələrinə, o cümlədən Odessa, Dnepr, Kiyev, Zaporojye, Sumı, Xerson, Xarkov, Nikolayev, Donetsk və Çerniqov vilayətlərinə də həyata keçirilib.
“Kiyev praktiki olaraq fasiləsiz hücumlar altında olub. Ukrayna bu cür hücumlardan müdafiə yollarının axtarışında tək qalmamalıdır. Əlavə yardım paketləri və Rusiyaya qarşı yeni sanksiya addımları ilə bizə kömək edən hər kəsə təşəkkür edirəm”, – deyə Zelenski bildirib.