Xarici İşlər Nazirliyi – Rusiya Federasiyasını Gürcüstan ərazilərinin qanunsuz işğalına və onların faktiki ilhaqına yönəlmiş fəaliyyətlərinə son qoymağa çağırırıq

10:42, 08.08.2026

Rusiyanın Gürcüstana qarşı həyata keçirdiyi tammiqyaslı hərbi təcavüzdən 18 il ötür. 2008-ci ilin avqust ayında Rusiya beynəlxalq hüququn fundamental norma və prinsiplərinə məhəl qoymayaraq, Gürcüstan ərazisinin ayrılmaz hissələri olan Abxaziya və Tsxinvali bölgələrini qanunsuz olaraq işğal edib və onları qondarma müstəqil dövlətlər kimi tanıyıb, — bu barədə Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.

Bəyanatda qeyd olunduğu kimi, bu gün də, işğalın 18-ci ildönümündə, Rusiya Avropa İttifaqının vasitəçiliyi ilə imzalanmış 12 avqust 2008-ci il tarixli atəşkəs sazişinə əməl etmir.

“Bundan əlavə, Rusiya işğal olunmuş regionlarda qanunsuz nəzarətini genişləndirir, onların militarizasiya prosesini davam etdirir və faktiki ilhaqı istiqamətində fəal addımlar atır.

Gürcüstanın işğal olunmuş bölgələrində insan hüquqlarının kobud şəkildə pozulması, gürcülərin etnik ayrı-seçkiliyə məruz qalması və əhalinin təcrid olunması ilə Rusiya yerdəki təhlükəsizlik və humanitar vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdirir. Beynəlxalq təşkilatların işğal olunmuş ərazilərə çıxışının olmaması isə yerlərdəki mövcud vəziyyətin tam dəyərləndirilməsini və insan hüquqlarının müdafiəsinin effektiv təmin edilməsini çətinləşdirir.

Rusiya bu cür kobut hərəkətləri ilə son illərdə beynəlxalq məhkəmələrin çoxsaylı qərarları ilə təsdiqlənən beynəlxalq hüququn fundamental normalarını pozur.

Gürcüstan münaqişənin sülh yolu ilə həlli siyasətini qətiyyətlə həyata keçirir və bunun məqsədi işğaldan azad olmaq, sülhün möhkəmləndirilməsi və münaqişə nəticəsində bölünmüş cəmiyyətlər arasında etimad və münasibətlərin bərpasıdır. Bu məqsədlərə çatmaq üçün Gürcüstan diplomatik və hüquqi mexanizmlərdən istifadə edir və beynəlxalq tərəfdaşlarla fəal əməkdaşlıq edir.

Gürcüstan, Rusiya-Gürcüstan münaqişəsinin təhlükəsizlik, humanitar və insan hüquqları məsələləri üzrə danışıqların əsas beynəlxalq formatı kimi Cenevrə Beynəlxalq Danışıqlarına xüsusi əhəmiyyət verir. “Danışıqlar çərçivəsində Gürcüstan Rusiyanın 12 avqust 2008-ci il tarixli atəşkəs sazişi ilə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi, məcburi köçkünlərin və qaçqınların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtması, habelə yerlərdə beynəlxalq təhlükəsizlik mexanizmlərinin tamfunksiyalı fəaliyyət göstərməsi məsələlərini açıq şəkildə qaldırır. Qali Hadisələrinin Qarşısının Alınması və Cavab Mexanizminin qeyd-şərtsiz bərpası və onun müntəzəm fəaliyyəti də Gürcüstan üçün vacibdir. Gürcüstan üçün həmçinin Qalidə İnsidentlərin Qarşısının Alınması və Onlara Reaksiya Verilməsi Mexanizminin qeyd-şərtsiz bərpası və onun müntəzəm fəaliyyəti mühüm əhəmiyyət kəsb edir.

Gürcüstan beynəlxalq ictimaiyyətin ölkənin suverenliyinə və ərazi bütövlüyünə, həmçinin münaqişənin sülh yolu ilə həllinə göstərdiyi sarsılmaz dəstəyi qiymətləndirir.

Xarici İşlər Nazirliyi Rusiya Federasiyasını Gürcüstan ərazilərinin qanunsuz işğalını və onların de-fakto ilhaqına yönəlmiş hərəkətlərini dayandırmağa, Avropa İttifaqının vasitəçiliyi ilə əldə edilmiş 12 avqust 2008-ci il tarixli atəşkəs sazişi üzrə götürdüyü öhdəliklərini tam yerinə yetirməyə, hərbi qüvvələrini Gürcüstan ərazisindən çıxarmağa və məcburi köçkünlərin və qaçqınların təhlükəsiz və ləyaqətli şəkildə evlərinə qayıtmasını təmin etməyə çağırır.

18 ildən sonra Gürcüstanın sülh və birlik məqsədi dəyişməz olaraq qalır. Gürcüstan ölkənin ərazi bütövlüyünün, təhlükəsizliyinin və sabit inkişafının dinc yolla bərpasını təmin etmək üçün beynəlxalq hüquq prinsiplərinə əsaslanan siyasətini və səylərini davam etdirəcək.

Xarici İşlər Nazirliyi 2008-ci ilin avqust müharibəsində qəhrəmancasına həlak olmuş hərbi qulluqçuların və dinc sakinlərin xatirəsini bir daha ehtiramla yad edir”, – deyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.

Oxşar