Xarici İşlər Nazirliyi - Ermənistan və Azərbaycan arasında razılaşma davamlı sülhə doğru atılmış bir addımdır, Gürcüstan bölgədə əməkdaşlığın gücləndirilməsini qətiyyətlə dəstəkləyir
Gürcüstan Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə 2025-ci ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında imzalanmış “Azərbaycan Respublikası arasında sülhün və dövlətlərarası əlaqələrin qurulması haqqında” tarixi razılaşmanı təqdir edir, — bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilib.
Bəyanatda deyilib ki, “bu tarixi razılaşma Cənubi Qafqaz regionunda davamlı sülhün bərqərar olunması istiqamətində atılmış ən mühüm addımdır və regionun uzunmüddətli və sabit inkişafı üçün yeni imkanlara yol açır”.
“Gürcüstan bölgədə, Cənubi Qafqaz regionunun sabitliyi və rifahına yönəlmiş sülhün möhkəmləndirilməsini və əməkdaşlığın gücləndirilməsini qətiyyətlə dəstəkləyir.
Cənubi Qafqazda onilliklər ərzində davam edən münaqişənin həlli prosesində Amerika Birləşmiş Ştatlarının və şəxsən Prezident Donald Trampın xüsusi rolunu və səyini xüsusilə təqdir edirik.
Ümid edirik ki, bu tarixi hadisə Qara dəniz regionunda və bütün dünyada mövcud münaqişələrin sülh yolu ilə həlli baxımından zəncirvari reaksiya effekti verəcək”, – Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.
Məlumat üçün bildirək ki, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə Ağ Evdə birgə sülh bəyannaməsi imzalayıblar. Sənədə əsasən, tərəflər hərbi əməliyyatları daimi olaraq dayandırmaq, ticarət və diplomatik münasibətlər qurmaq, səyahət etmək və bir-birinin suverenliyinə, ərazi bütövlüyünə hörmət etmək öhdəliyini götürürlər.