Kerolain Levitt – Dohada planlaşdırılan ABŞ-İran görüşündə Stiv Uitkoff və Cared Kuşner iştirak edəcəklər
Ağ Evin mətbuat katibi Kerolain Levitt “Fox News”a müsahibəsində bildirib ki, Dohada planlaşdırılan danışıqlarda ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və onun müşaviri Cared Kuşner iştirak edəcəklər. Görüş 30 iyunda Qətərin paytaxtı Dohada keçiriləcək.
“Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner cari həftə yüksək səviyyəli görüşlərdə iştirak etmək üçün Dohaya səfər edəcəklər, çünki biz qarşılqlı anlaşma memorandumunu müzakirə etməyə davam edirik. Bu yüksək səviyyəli danışıqlara paralel olaraq texniki müzakirələr də davam edəcək”, – Levitt bildirib.
Onun sözlərinə görə, Vaşinqton atəşkəs razılaşması üzrə öz öhdəliklərini yerinə yetirdiyini hesab edir.
“Bizə gəldikdə isə, biz atəşkəs çərçivəsində üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetiririk. Zorakılığa zorakılıqla cavab veriləcək. Kommersiya gəmilərinə hücumlar olub ki, buna da Amerika Birləşmiş Ştatları Prezidentin rəhbərliyi ilə cavab verib və bu davam edəcək, lakin ümid edirik ki, buna ehtiyac qalmayacaq. Prezident, əlbəttə ki, sülh prosesinin davam etməsini istəyir. İranlılar üçün ən yaxşısı Amerika Birləşmiş Ştatları ilə yaxşı bir razılaşma imzalamaq olardı, çünki Prezident bizim hərbi gücümüzdən istifadə etməkdən qorxmadığını sübut etdi”, – deyə Levit bildirib.