Kamçatka bölgəsində güclü zəlzələdən sonra Klyuçevskaya-Sobka vulkanı püskürməyə başlayıb
18:17, 30.07.2025
Kamçatka bölgəsində güclü zəlzələdən sonra Klyuçevskaya-Sobka vulkanı püskürməyə başlayıb. Bu barədə Rusiya mediası məlumat yayır.
İlkin məlumata görə, isti lava vulkanın qərb yamacı boyunca axır. Vulkanın üstündə güclü işıq görünür və partlayış səsləri eşidilir. Kamçatka sahili yaxınlığında baş verən zəlzələ müşahidə dövründə ən güclüsü olub və onun maqnitudası 8.8-ə çatıb.
Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi Departamenti bölgədə dörd metrə qədər yüksəklikdə olan sunami dalğasını təsdiqləyib. Severo-Kurilsk şəhəri su altında qalıb və ərazidə fövqəladə vəziyyət elan edilib.
Medianın yazdığına görə, bir ay ərzində 7.5 maqnitudaya qədər təkrar təkanların baş verməsi mümkündür.
Rusiya hökuməti Kamçatka yarımadasında sunami xəbərdarlığını ləğv edib. Yaponiya da sunami ilə bağlı bütün xəbərdarlığı ləğv edib, lakin onun şimal və şərq sahillərində nəzarət tədbirləri davam edir. Kaliforniyanın şimal sahil xəttinin kiçik bir hissəsi üçün sunami xəbərdarlığı hələ də qüvvədədir.