Kaloubani küçəsində qəzalı vəziyyətdə olan binanın əvəzinə 10 mərtəbəli yeni yaşayış binasının tikinti prosesi davam edir
Qəzalı vəziyyətdə olan evlərin dəyişdirilməsi layihəsi çərçivəsində Tbilisi İnkişaf Fondu Samqori rayonunda Kaloubani küçəsi 18 ünvanında yeni yaşayış binasının tikintisini həyata keçirir. Məlumatı Tbilisi meriyası yayır.
Paytaxt meriyasının məlumatına görə, işlər fəal rejimdə davam etdirilir və 2025-ci ilin sonunadək başa çatdırılacaq.
“Göstərilən ünvanda mövcud üçmərtəbəli qəzalı bina tamamilə sökülüb və onun yerində çoxmənzilli, 10 mərtəbəli yaşayış binası inşa olunur. Layihə nəticəsində 29 ailə mənzillə təmin olunacaq.
Tikinti işlərini “BK Construction” MMC həyata keçirir və dəyəri 7 659 154,00 lari təşkil edir.
Hazırkı mərhələdə növbəti tikinti/təmir işləri aparılır: binanın fasadında hazırlıq işləri, giriş məkanlarında macunlama işlərinin görülməsi və keramik plitələrin döşənməsi, həmçinin alçıpan konstruktiv elementlərin işlənməsi.
Layihənin məqsədi sakinlər üçün təhlükəsiz və rahat yaşayış şəraiti yaratmaq, şəhərin abadlaşdırılmasının yaxşılaşdırılması və məkan inkişafının təşviq edilməsidir”, – meriyanın məlumatında qeyd olunub.