Kaia Kallas – Aydındır ki, Rusiya gərginliyi artırır, sülh üçün iki tərəf lazımdır, müharibə istəyən Rusiyadır
Avropa İttifaqının Ali Nümayəndəsi Kaia Kallas bildirir ki, Rusiya Ukraynada davam edən müharibəni daha da gərginləşdirir. Bu barədə Kallas “BBC Radiosu”na müsahibəsində bildirib.
Kallasın söylədiyinə görə, Rusiyanın Ukraynaya, xüsusən də xalqına qarşı törətdiyi hücumlar ən ölümcüldür.
“Aydındır ki, Rusiya gərginliyi artırır. Sülh üçün iki tərəf lazımdır, ancaq müharibəni yalnız bir tərəf istəyə bilər və aydındır ki, müharibə istəyən tərəf Rusiyadır”, – Kallas bildirib.
Jurnalist Kallasa iki gün əvvəl verdiyi açıqlama ilə bağlı sual ünvanlayıb və burada Kallas Çinin Rusiyanın apardığı müharibənin əsas sponsoru olduğunu qeyd edib. Avropa İttifaqının Ali Nümayəndəsi bir daha təkrarladı ki, ikili təyinatlı malların 80%-i Çin vasitəsilə Rusiyaya daxil olur.
“Aydındır ki, Çin müharibənin əleyhinədirsə, o zaman bu müharibə asanlıqla başa çatacaq. Çin olmadan, Rusiya müharibəni belə miqyasda davam etdirə bilməzdi”, – Kallas qeyd edib.