“CNN” – ukraynalı hərbçilər Xerson yaxınlığında dörd kəndi rus işğalçılardan azad ediblər
Ukraynalı hərbçilər Xerson yaxınlığında dörd kəndi rus işğalçılardan azad ediblər. Bu barədə Amerikanın “CNN” teleşirkəti Ukrayna Silahlı Qüvvələrindəki öz mənbəsinə istinadən məlumat yayır.
Mövcud məlumatlara görə, azad edilən kəndlər Novodmitrovka, Arxanqelskoye, Tomina Balka və Pravdinodur.
“Əməliyyat gecə saatlarında Rusiya hərbçilərinin mövqelərinin ön və arxa tərəfinin kütləvi atəşə tutulması ilə başlayıb” – deyə mənbə anonim olaraq “CNN”ə bildirib.
Mənbənin məlumatına görə, hücumun əsas istiqaməti Pravdino yaşayış məntəqəsi olub. Ukraynalı hərbçilər qondarma Donetsk və Luqansk Respublikalarının piyadalarına zərbə endiriblər, onlar qaçıblar. “CNN”in mənbəsinin məlumatına görə, rus desant qüvvələri də qaçıblar.
Mövcud məlumata görə, Ukrayna Silahlı Qüvvələri üç yerdə işğalçıların müdafiə xəttini yarıb. Ukrayna qüvvələrinin əsas hədəfi Xerson şəhəridir.
“CNN”in mənbəsinin məlumatına görə, çoxlu sayda işğalçı öldürülüb və əsir götürülüb. Həmçinin Rusiyanın hərbi texnikası da məhv edilib.
Bununla yanaşı, Ukraynanın “Unian” agentliyi Xerson vilayətində partlayış səslərinin eşidildiyini yazır. Agentlikdən bildirilib ki, mövcud məlumata əsasən, Ukrayna Silahlı Qüvvələri Antonovski körpüsü yaxınlığında işğalçıların barjasını bombalayıb, həmçinin Novaya Kaxovkadakı rusların sursat anbarına zərbə endirilib.