“CNN” – Stiv Uitkoff İranla yekun sülh sazişinin təfərrüatları üzrə danışıqlar aparmaq üçün İsveçrəyə səfər edib
Medianın məlumatına görə, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff İranla yekun sülh sazişinin təfərrüatları üzrə danışıqlar aparmaq üçün İsveçrəyə səfər edib. Bu barədə “CNN” amerikalı yüksək rütbəli rəsmi şəxsə istinadən yazır.
Mənbənin məlumatına görə, Uitkoff artıq İsveçrəyə yola düşüb və orada ABŞ ilə İran arasında yekun sülh sazişinin təfərrüatlarını dəqiqləşdirmək üçün danışıqların yeni raundu baş tutacaq.
Razılaşmanın əsası əvvəlcə imzalanmış qarşılıqlı anlaşma memorandumu oldu.
Danışıqlarda Uitkoffa Donald Trampın kürəkəni Cared Kuşner də qoşulacaq. Görüşlərin konkret olaraq nə vaxt baş tutacağı hələlik məlum deyil.
Bundan əvvəl məlumat yayıldı ki, iyunun 19-da İsveçrədə keçirilməsi planlaşdırılan ABŞ və İran arasındakı ilk “texniki” danışıqlar son anda ləğv edilib. Bunun mümkün səbəbi kimi İsrail ilə İranın dəstəklədiyi Livanın “Hizbullah” qruplaşması arasındakı yeni qarşıdurma göstərilir.
Məlum olduğu kimi, iyunun 17-də ABŞ və İran müharibənin dayandırılması və Hörmüz boğazının açılması barədə memorandumu distant şəkildə imzalayıblar. Bu sənəd növbəti 60 gün ərzində atəşkəs və sülh müqaviləsinin şərtlərini nəzərdə tutan yekun razılaşmanın hazırlanması üçün əsas təşkil edir.