Ceyhun Bayramov – Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq gələcəkdə daha da səmərəli ola bilər
Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq gələcəkdə daha səmərəli ola bilər, – bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi ilə keçirdiyi mətbuat konfransında bildirib.
Onun söylədiyinə görə, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır.
“Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ötən il Aİ ilə ticarət dövriyyəsi təqribən 20 milyard ABŞ dolları təşkil edib. 2016-cı ildə verilən mandata əsasən, 2017-ci ildə yeni hərtərəfli saziş layihəsi üzrə danışıqlara başlanılıb. Çoxillik danışıqların nəticəsi olaraq, ticarətin müxtəlif istiqamətləri üzrə 90 faiz əsas məsələlər üzrə razılığa gəlmək mümkün olub.
Hərçənd, əsasən ticarət və iqtisadiyyatla bağlı bir sıra mövzular üzrə danışıqlar prosesində açıq məsələlər qalmaqdadır. Son illərdə bu prosesdə müəyyən durğunluq müşahidə olunur. Qarşılıqlı razılaşma ondan ibarətdir ki, yaxın aylar ərzində hər iki tərəf saziş layihəsi ilə bağlı qalan açıq məsələləri yekunlaşdırmaq üçün praktiki addımlar atacaq. Eyni zamanda, regionda və bütövlükdə dünyada baş verən yeni reallıqları, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın yeni potensial istiqamətlərini, həmçinin, Avropa İttifaqının region və Mərkəzi Asiya üzrə yeni planlarını nəzərə alaraq hesab edirik ki, saziş daha da zənginləşdirilə bilər”, – deyə Bayramov bildirib.
Bayramov qeyd edib ki, Azərbaycan uzun illər ərzində, o cümlədən enerji sahəsində Avropa İttifaqının etibarlı tərəfdaşı olaraq qalır.
Onun dediyinə görə, Ukraynada müharibə başlayandan sonra Avropa ölkələrinin müraciəti əsasında Azərbaycandan Avropa bazarına qaz təchizatı xeyli artıb.
“Bu gün Azərbaycan qazının tədarük coğrafiyası 12 ölkəni əhatə edir. Onlardan 10-u Avropa, 8-i isə Avropa İttifaqının üzvüdür. Bu gün biz bu istiqamətdə mövcud əməkdaşlıq və perspektivlər barədə fikir mübadiləsi apardıq”, – nazir bildirib