Cənubi Koreya prezidenti ABŞ-da reyd zamanı həbs edilən koreyalıları dəstəklədiyini bildirib və hadisəyə operativ reaksiya verilməsini əmr edib
Cənubi Koreya prezidenti ABŞ-da reyd zamanı həbs edilən koreyalıları dəstəklədiyini bildirib və hadisəyə operativ reaksiya verilməsini əmr edib

Cənubi Koreya prezidenti Li Ce-Miunq ABŞ-da reyd zamanı həbs olunan koreyalıları dəstəklədiyini bildirib. Bu barədə “Reuters” məlumat yayır.

Cənubi Koreya prezidenti, ABŞ-ın immiqrasiya xidməti tərəfindən Corciya ştatında “Hyundai” zavoduna keçirilən reyd zamanı koreyalıların saxlanılması ilə bağlı bütün səylərin səfərbər olunması və dərhal reaksiya verilməsi barədə göstəriş verib.

Cənubi Koreyanın xarici işlər naziri bildirib ki, hökumət hadisəyə operativ reaksiya vermək üçün xüsusi bir qrup yaradıb və zəruri olduğu təqdirdə, Vaşinqtona rəsmi şəxslərlə görüşmək məqsədilə səfər edə bilər.

“Mən dərindən narahatam. Vətəndaşlarımızın saxlanmasına görə böyük məsuliyyət hiss edirəm”, – Cənubi Koreyanın xarici işlər naziri bu barədə hökumətin fövqəladə iclasında bildirib.

Məlumat üçün bildirək ki, dünən ABŞ-ın miqrasiya xidməti Corciya ştatında yerləşən “Hyundai” zavodunda genişmiqyaslı reyd keçirib, reyd zamanı 475 nəfər həbs edilib. Həbs olunanların əksəriyyəti Cənubi Koreya vətəndaşlarıdır. ABŞ Daxili Təhlükəsizlik Departamenti “BBC”yə bildirib ki, agentlər “qanunsuz məşğulluq praktikası və digər ciddi federal cinayətlər” ittihamı ilə axtarış əmri icra ediblər.