Cənub-Şərqi Asiya regionunda daşqın nəticəsində həlak olanların sayı 456-ya yüksəlib
Cənub-Şərqi Asiya ölkələrində daşqın və sürüşmə nəticəsində həlak olanların sayı 456-ya yüksəlib.
Medianın məlumatına görə, musson yağışları xüsusilə İndoneziya, Tailand və Şri-Lankanı ciddi zərərə uğradıb.
İndoneziyada azı 248 nəfər həlak olub, 100-dən çox insan isə itkin düşmüş hesab edilir. Milli Fəlakətlərin İdarə Olunması Agentliyinin məlumatına görə, dağ yamaclarında yerləşən kəndlərdə minlərlə ev və bina su altında qalıb.
Tailandın cənub hissəsində həlak olanların sayı 162 nəfərə gədər yüksəlib.Tailand hökumətinin sözçüsü Siriponq Anqkasakulkiat xilasedicilərin təbii fəlakət zonasında qalan insanları xilas etməyə çalışdığını bildirib.
Şri-Lankada təbii fəlakət nəticəsində azı 46 nəfər həlak olub, 23 nəfər itkin düşmüş hesab edilir. Meteoroloqların proqnozuna əsasən növbəti 12 saat ərzində güclü yağış və külək gözlənilir və bu da genişmiqyaslı daşqına səbəb olacaq.
Təbii fəlakət Şri-Lankanın şərq və mərkəzi bölgələrində xüsusilə ağır nəticələrə səbəb olub. Fəlakətlərin İdarə Olunması Mərkəzinin məlumatına görə, ölkə miqyasında 44 min insan zərər görüb.