Jan-Noel Baro - Fransa, Fələstin dövlətini tanımaq qərarına gəlib, lakin bunu müstəqil şəkildə etməyəcək
Jan-Noel Baro - Fransa, Fələstin dövlətini tanımaq qərarına gəlib, lakin bunu müstəqil şəkildə etməyəcək

Fransa Fələstin dövlətini tanımaq qərarına gəlib, lakin bunu müstəqil şəkildə etməyəcək, – bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Baro bildirib.

Baronun söylədiyinə görə, Fransa digər ölkələrin də qərara qoşulması şərti ilə Fələstini tanımağa hazırdır.

Fransanın xarici işlər nazirinin bildirdiyinə görə, məqsəd müəyyən sayda ölkənin, həmçinin bütün maraqlı tərəfin, xüsusən də Fələstin administrasiyası və ərəb ölkələrinin bu ideyaya qoşulmasına nail olmaqdır.

Hərçənd, onun sözlərinə görə, digər ölkələr bu təşəbbüslə razılaşmasa, o zaman Fransa Fələstini tanımayacaq.

“Fransanın qəbul edə biləcəyi qərar simvolik məna daşıya bilərdi. Biz bu yolu seçmədik, çünki biz xüsusi məsuliyyət daşıyırıq, çünki Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Biz bunu vəziyyəti dəyişmək və Fələstin dövlətinin mövcudluğunu daha real etmək üçün edirik”, – Baro qeyd edib.

Daha əvvəl bu ideyanı Fransa prezidenti Emmanuel Makron bəyan etmişdi. Aprel ayında Makron iyunda Fələstini tanımağı planlaşdırdığını qeyd edib.

Xatırladaq ki, 2024-cü ilin mayında İrlandiya, Norveç və İspaniya Fələstini tanıdıqlarını elan ediblər.