İziumda kütləvi məzarlıqda tapılan meyitlərin ekskumasiyası başa çatıb
Ukrayna qüvvələri tərəfindən işğalçılardan azad edilən İzium şəhərində kütləvi məzarlıqda tapılan meyitlərin ekskumasiyası başa çatıb. İşğalçılar tərəfindən öldürülən 436 nəfərin cəsədi aşkarlanıb, onlar arasında uşaqlar da var. Bu barədə Ukrayna mətbuatı məlumat yayır.
Xarkov Hərbi Vilayət Administrasiyasının rəhbəri Oleq Sinequbov meyitlərin əksəriyyətində zorakılıq, 30 cəsəddə isə işgəncə izlərinin olduğunu bildirib. Bəzilərinin boynuna kəndir bağlanılıb; Əlləri bağlı, qol-ayaq sümükləri sınmış, güllə yarası almış meyitlər də var. Bəzi kişilərin cinsiyyət orqanı amputasiya edilib.
Tapılan cəsədlərin əksəriyyəti mülki şəxsdir, 21-i isə hərbçidir.
Ukrayna Milli Polisinin istintaq idarəsinin rəhbəri Serqey Panteleyev həlak olanlar arasında 202 qadın və 5 uşaq olduğunu açıqlayır. 11 cəsəd tanınmaz haldadır, onların cinsiyyəti tibbi ekspertizadan sonra müəyyən olunacaq.
Panteleyev İziumda aşkar edilən bu kütləvi məzarlığın son olmadığını bildirib.