İtaliyada, Siciliyada yerləşən muzeydən Renessans dövrünə aid dörd rəsm əsəri oğurlanıb
İtaliyada, Siciliyada yerləşən muzeydən Renessans dövrünə aid dörd rəsm əsəri oğurlanıb.
Ölkənin mədəniyyət nazirinin bildirdiyinə görə, əsərlər “xüsusi dəyərə” malikdir. Bu barədə “BBC” yazır. Hazırda qarətçilərin siqnalizasiya işə düşmədən muzeyə necə daxil ola bildiklərini və cinayətin arxasında kimin dayandığını müəyyən etmək üçün istintaq aparılır.
Muzeyin direktoru Mariza Merkurionun bildirdiyinə görə, oğurluq şənbə günü, təxminən saat 21:50-də baş verib. Onun sözlərinə görə, “baş verənlər şok edicidir” və bu, təkcə muzey üçün deyil, həm də bütün incəsənət dünyası üçün böyük bir itkidir.
Məlumat üçün bildirək ki, dünən İtaliya polisi bir neçə ay əvvəl oğurlanmış üç bahalı rəsm əsərini muzeyə qaytarıb. Fransız rəssamları – Sezan, Renuar və Matisin ümumi dəyəri 9 milyon avro olan əsərləri martın 22-də, gecə saatlarında Parma şəhəri yaxınlığında yerləşən muzeydən oğurlanmışdı.
“BBC”nin yazdığına görə, Avropa muzeylərinin təhlükəsizliyi məsələsi ötən ilin sonunda, qarətçilərin Luvrdan təxminən 88 milyon avro dəyərində tarixi zinət əşyalarını oğurlamasından sonra xüsusilə aktual olub.