İtaliya polisi bir neçə ay əvvəl oğurlanmış üç bahalı rəsm əsərini muzeyə qaytarıb, işlə bağlı Moldova Respublikasının beş vətəndaşı saxlanılıb
İtaliya polisi bir neçə ay əvvəl oğurlanmış üç bahalı rəsm əsərini muzeyə qaytarıb. İş üzrə Moldova Respublikasının beş vətəndaşı saxlanılıb.
Fransız rəssamları – Sezan, Renuar və Matisin ümumi dəyəri 9 milyon avro olan əsərləri 22 mart, gecə saatlarında Parma şəhəri yaxınlığında yerləşən muzeydən oğurlanıb. Polis oğurluğu əks etdirən video kadrları yayıb. Həmin kadrlarda muzeyə daxil olan, divardan üç tablonu çıxaran və qısa müddətdə hadisə yerindən qaçan iki maskalı şəxs görünür. Polisin məlumatına görə, istintaq davam edir.
“Bu, kompleks bir istintaq idi. Məqsədimiz bu şah əsərləri geri qaytarmaq idi. Onlar Parmada, evlərdən birində, qaranlıq bir anbarda saxlanılırdı. Bu gün 13 məkanda axtarış apardıq, onların hamısı xarici ölkə vətəndaşlarıdır. Axtarış zamanı biz təkcə bu şah əsərləri deyil, həm də digər oğurlanmış əşyaları aşkar etdik. Hazırda istintaq davam etdiyi üçün əlavə təfərrüatları açıqlaya bilmərəm”, – Parma əyalətinin karabinerlərinin rəhbəri Andrea Palyaro bildirib.